Azərbaycanda ilk dəfə Ümumdünya Məskunlaşma Günü tədbiri keçiriləcək - FOTO
Azərbaycanda ilk dəfə Ümumdünya Məskunlaşma Günü tədbiri keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimunah Mohd Şərif ilə keçirdiyi görüşdə bildirilib.
Nazir Azərbaycanın UN-Habitat ilə uğurlu və məhsuldar əməkdaşlıq əlaqələri qurduğunu bildirərək ölkəmizin UN-Habitat və tərəfdaşları tərəfindən təşkil olunan bir sıra tədbirlərdə, o cümlədən, Dünya Şəhər Forumunun 11-ci Sessiyasında, “Yeni Şəhər Gündəliyi”nin icrası ilə bağlı irəliləyişin dəyərləndirilməsi məqsədilə ötən il BMT Baş Assambleyasının yüksək səviyyəli tədbirində iştirak etdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycanın UN-Habitat ilə birgə ötən ilin oktyabrında "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun təşkil olunması məmnunluq hissi ilə qeyd olunub. Bundan əlavə, Azərbaycan tərəfindən UN-Habitat ilə birgə bu il sentyabrın 29-dan etibarən “Şəhərsalma həftəsi” çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlər, o cümlədən sentyabrın 29-dan oktyabrın 1-dək Zəngilan və Bakıda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi kimi” mövzusunda II Milli Şəhərsalma Forumunun təşkil olunacağı bildirilib və ölkənin ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcəyi vurğulanıb.
Eyni zamanda nazir 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işlərinə toxunaraq bu istiqamətdə UN-Habitat ilə qurulmuş uğurlu əməkdaşlıq əlaqələrinin vacibliyini diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.