Sevinc Fətəliyeva: “Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir”
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir. Bu səfər və dövlət başçılarının görüşü Naxçıvan şəhərində gerçəkləşməsi ilə əlamətdardır”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, səfər çərçivəsində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşündə dostluq və qardaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub. Dövlət başçıları həmçinin İğdır-Naxçıvan qaz kəmərinin təməlini atıb, eləcə də Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər. Bundan başqa Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.
Millət vəkilinin sözlərinə görə, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərimiz ən yüksək zirvəyə qalxdı. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, iki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Dövlətimizin başçısı qeyd edib: “Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”. Cənab Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir: ““Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir”.
Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin sevincini və kədərini bölüşür, xoş və çətin günlərdə həmrəylik nümayiş etdirir. Fevral ayında Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti gözləmədən öz xilasedici missiyasını təbii fəlakət bölgəsinə göndərdi, vətəndaşlarımız öz yardımlarını əsirgəmədilər. Səfər zamanı imzalanmış müvafiq sənədə əsasən dövlətimiz zəlzələ bölgəsinin bərpasında, tikinti işlərində yaxından iştirak edəcək. Bu faktlar dünyada Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkələrin olmadığını göstərir. Bu sarsılmaz qardaşlıq 44 günlük Vətən müharibəsində də özünü parlaq şəkildə nümayiş etdirdi. Hazırda regionda yeni proseslər baş verir. Qarabağda antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam təmin olunub. Dövlətimizin başçısı Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminliyini ifadə edib. Türkiyə Prezidenti isə vurğulayıb ki, Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Çünki, sülhün uduzanı olmaz.
Sevinc Fətəliyeva qeyd edib ki, dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü ifadə edir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. İqtisadi əlaqələrə gəlincə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Keçən il bizim ticarət dövriyyəmiz 6 milyard dollardan çox olub. “Bu ilin yeddi ayında ticarət dövriyyəsinin daha 40 faiz artdığını və daha da artacağına əminliyini ifadə edən dövlətimizin başçısı bildirib: “Düzdür, hədəf çox, yəni, yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötüb. Yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq”.
Millət vəkilinin fikrincə, Zəngəzur dəhlizi açıldıqdan sonra hər iki ölkənin coğrafi bağları daha da güclənəcək, eləcə də bu fakt bütövlükdə regionun rifahına əhəmiyyətli təsir göstərəcək. Məlumdur ki, bu dəhliz Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Zəngəzur dəhlizinin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Xüsusilə, Zəngəzur dəhlizi Azərbaycanı ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Bu layihə bütün türk dünyasının coğrafi bağlantısına səbəb olacaq.