Bakı Təşəbbüs Qrupunun üzvü Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıb
“Fransa 1966-1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb”.
1news.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü Ella Tokoraqi BMT-də çıxışında deyib.
O qeyd edib ki, Fransanın bu mövqeyi onun müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir: “Üstəlik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, Fransa hakimiyyətinin buna hörmət etməməsinin sübutudur”.
“Fransa ədaləti bərqərar edəcəyi və təzminat prosesinə başlayacağı təqdirdə bu ölkəni bağışlayacağıq”, - E.Tokoraqi əlavə edib.
“Biz Fransanı ədalətli mövqe tutmaq və ölkəmizin gələcəyi ilə bağlı vicdanlı dialoqda məsuliyyəti öz üzərinə götürməklə bağlı çağırışımızı bir daha bildirmək istəyirik”, - Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü vurğulayıb.
O xatırladıb ki, Fransa prezidenti Emmanuel Makron seçki kampaniyası zamanı müstəmləkəçilik siyasətini insanlığa qarşı cinayət adlandırıb: “Əlbəttə ki, bu, belədir”.