III “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində zirvə görüşü keçirilib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtımızda III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.
1news.az xəbər verir ki, Festival çərçivəsində oktyabrın 10-da "Baku Marriott Hotel Boulevard"da tədbirə qatılan türk respublikaları və qurumlarından nümayəndələrin iştirakı ilə zirvə görüşü təşkil olunub.
Toplantıda TÜRKSOY-un baş katibi Sultan Raev, qurumun nümayəndələri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstandan müvafiq nazirliklərin rəsmiləri, kinematoqrafiya sahəsi ilə bağlı aidiyyəti qurumların məsul şəxsləri, tanınmış kino xadimləri iştirak ediblər.
Açılış nitqi söyləyən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu qonaqları salamlayıb. Qeyd edib ki, Türk dünyasının birləşməsi artıq regionda, o cümlədən beynəlxalq müstəvidə qədim bir mədəniyyətin yenidən dünya gündəminə gətirilməsidir: "Şübhəsiz ki, mədəniyyət bu inteqrasiyanın əsas amillərindən biridir. Mədəniyyətin ən mühüm qollarından biri olan kinematoqrafiya vasitəsilə bu missiyanın yerinə yetirilməsi, düşünürəm ki, heç kəsdə şübhə doğurmur.
Mədəniyyət Nazirliyi olaraq həm dövlət-özəl münasibətlərinin formalaşmasına önəm verir, həm də türk xalqları, ümumiyyətlə isə dünya kinematoqrafiya məktəbləri ilə inteqrasiyaya üstünlük veririk. Son zamanlar bizim yaratdığımız və bir sıra ölkələrlə birgə çəkdiyimiz filmlər artıq ekranlardadır. Bu gün biz Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və digər ölkələrin prodüser şirkətlərinin təqdim edəcəyi layihələri nəzərdən keçirəcəyik. Bu platformanın yaranması Türk dünyasının kinematoqrafiyası sahəsində inteqrasiyasına xidmət edəcək".
Daha sonra "113 gün", "Proyekt 2602", "Sən haralısan, durna?", "Mərmər soyuğu", "Himayədar", "30 mövsüm səfərdə", "Hadrut, sən azadsan", "Nobel qardaşları", "Qoçu", "Mavi quş", "Miras", "Heyelan" (“Sürüşmə”), "İnsan", "Sofiya", "Xəyal quşu", "Gülmira" və digər filmlərin təqdimatı olub.
Festival komitəsinin sədri İhsan Kabil III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətindən bəhs edib.
“TRT Sinema”nın rəhbəri Faruk Güvən qurumun iş prinsipi haqqında məlumat verib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz türk kinosunun inkişafı barədə fikirlərini söyləyib.
Türkiyəli tanınmış aktyor Serdar Gökhan çıxışında tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, tədbirin məqsədi türk xalqlarının ortaq dəyərlərini, mədəniyyətini kinoda əks etdirmək, müstəqil türk respublikaları, digər türk muxtar respublikaları ilə birlikdə müştərək film istehsalının inkişafına təkan verməkdir.