AMB sədri: İllik inflyasiyanın 6 % civarında olacağını proqnozlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6 % civarında olacağını proqnozlaşdırır.
1news.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
"Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108 % təşkil edib. Yəni əmtəə və xidmətlər 8 % bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6 % civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsindəki kəskin dəyişikliklərin yerli valyuta bazarına, milli valyutanın - manatın məzənnəsinə birbaşa təsiri yoxdur: "Bizim ticarət tərəfdaşlarımızın milli valyutaları ucuzlaşanda qısa müddətdə, yəni 3-6 aylıq inflyasiyamız azalır. Çünki o ölkələrdən idxal olunan mallar ucuz olur. Ticarət tərəfdaşlarımızın milli valyutalarında ucuzlaşma uzunmüddətli olsa, bu, həmin ölkələrdə inflyasiyanı artıracaq, 3-6 aydan sonra həmin inflyasiya ölkəmizə də idxal olunacaq".