Nazir: “Azərbaycanın dağ-mədən sənayesinin inkişaf konsepsiyası Heydər Əliyevin mühüm töhfələrindən biridir”
“Azərbaycanda dağ-mədən sənayesinin inkişafı Müstəqil Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” .
1news.az xəbər verir ki, bunu Bakıda ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
“Tam əminliklə demək olar ki, Azərbaycanın dağ-mədən sənayesinin yeni tarixi şəraitdə müasir inkişaf konsepsiyasının işlənib hazırlanması Heydər Əliyevin mühüm töhfələrindən biridir. Qeyd etmək lazımdır ki, dağ-mədən sənayesinin inkişafına xüsusi diqqətin ayrılması nəticəsində Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə kəşf olunmuş faydalı qazıntı yataqlarının sayı 65-dən 500-dək artmışdır.
Ölkəmizdə dağ-mədən sənayesinin inkişafında Heydər Əliyevin rolundan danışarkən bu sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirmək lazımdır. Məhz onun səyləri ilə istedadlı azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi bu sahənin milli dağ-mədən mütəxəssisləri ilə təmin olunması baxımından böyük əhəmiyyət daşımışdır” .
Nazir qeyd edib ki, Ümummilli Lider fəaliyyətində yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı, ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələlərini də daim diqqət mərkəzində saxlayıb.
“Bu fəaliyyətlərin məntiqi davamı kimi, 2001-ci ildə həyata keçirilən struktur islahatları çərçivəsində, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi və bir sıra digər qurumların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün dağ-mədən sənayesi müasir Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında mühüm rola malikdir. Bu sahə qeyri-neft sektorunun inkişafında aparıcı istiqamətlərdən biri kimi Azərbaycanın iqtisadi cəhətdən dünyada mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.
Dağ-mədən sənayesinin hazırkı inkişaf tendensiyaları bu sahəyə milli və xarici investisiyaların cəlb olunması ilə dünya sənayesinə inteqrasiya üçün geniş imkanlar açır” .
“Hazırda dağ-mədən sahəsində fəaliyyət göstərən yerli və xarici müəssisələr tərəfindən filiz və qeyri-filiz faydalı qazıntılarının istismarı nəticəsində dünya bazarına qiymətli metalların, o cümlədən hazır məhsula yönəlmiş tikinti materiallarının ixracı davam etməkdədir” - deyə, nazir əlavə edib:
“Milli iqtisadiyyatın yüksələn templə inkişafını təmin etmək məqsədilə təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadə edilməsi, icra və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ölkə Prezidenti tərəfindən təsdiq edilmiş bir sıra mühüm inkişaf strategiyalarında da əks olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və strateji inkişaf sənədlərində bu sahədə dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modellərinin yaradılması, təbii ehtiyatların dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb edilməsi hədəflənmişdir.
Ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında” mineral xammal resurslarından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, müasir texnologiyalardan istifadənin stimullaşdırılması, istismarı bitmiş faydalı qazıntı yataqları ərazilərinin rekultivasiyası əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir.
Burada bir vacib məsələni qeyd etmək istərdim. Ölkəmizdə dağ-mədən sənayesinin sürətli inkişafı “məsuliyyətli mədənçi” prinsiplərinin tətbiqini zəruri edir. Bu sektorda mütərəqqi və ətraf mühitə dost texnologiya və standartlardan istifadə əsas prioritet olmalıdır. “Məsuliyyətli mədənçi” ekoloji cəhətdən və insan sağlamlığı baxımından təhlükəsiz fəaliyyətə, sosial məsuliyyətin təmin olunmasına hədəflənməlidir”.
M. Babayev qeyd edib ki, son illərdə iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işlərinin miqyası genişlənib.
“Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının son nəticəsi olan sənaye potensiallı filiz, qeyri-filiz yataqlarının ehtiyatları dövlət qeydiyyatına alındıqdan sonra sənayenin müxtəlif sahələrində tələbatın ödənilməsi üçün istismara cəlb edilir.
Həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınmışdır.
1932-ci ildən fəaliyyət göstərən Dövlət Geoloji İnformasiya Fondu 2023-cü ildən yenidən formalaşmışdır. Hazırda respublikamızda geoloji kəşfiyyat və dağ-mədən sənayesini səciyyələndirən təqdiqat sənədlərinin saxlanıldığı vahid informasiya sistemi olan Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının elektronlaşdırılması və onun əlçatanlığının təmin edilməsi istiqamətində işlər görülür.
Dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün yerin təkinin istifadəyə verilməsi hərraclar vasitəsi ilə həyata keçirilir”.
O bildirib ki, 2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu.
“İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalmışdır. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaratmışdır.
Bu ərazilərdə iqtisadiyyatın bərpasında böyük rol oynayan zəngin təbii mineral ehtiyatlar vardır və bu bölgələrimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkənin ümumi iqtisadı sisteminə inteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinin gələcək iqtisadiyyatında dağ-mədən sənayesi mühüm yer tutacaq, regionun dirçəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, ölkənin ixrac potensialının artırılmasına önəmli töhfə verəcəkdir.
Hörmətli Forum iştirakçıları!
Hazırkı Forum dağ-mədən sənayesində yeni innovativ yanaşmaların öyrənilməsi, daxili və xarici investorların bu sahəyə investiya yatırımına təşviq edilməsi, ölkəmizin bu sahədə mövcud imkanları və prespektivlərinə dair xarici və yerli qonaqların məlumatlandırılması və əməkdaşlıq potensialının yaradılması məqsədi daşıyır”.
“Forumdan əsas gözləntilərimiz Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası, bir platforma çərçivəsində beynəlxalq və yerli şirkətlərin və mütəxəssislərin görüşünün təşkili, yeni yanaşmaların və texnologiyaların tətbiqinə dair fikir mübadiləsi və əməkdaşlıq, həmçinin işğaldan azad olmuş ərazilər daxil olmaqla, dağ-mədən sənayesi üzrə investisiyaların artmasıdır” - deyə, nazir əlavə edib:
“Təsadüfi deyil ki, yalnız cari il ərzində Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərində dağ-mədən sahəsi üzrə bir neçə sərgi-forumlar keçirilərək yeni çağırışlar müzakirə edilmişdir.
Qeyd edək ki, Forumla bağlı İsveçrənin məşhur “Springer” elmi jurnalının xüsusi buraxılışı və Rusiyanın dağ-mədən sənayesində aparıcı elmi məqalələrin yayımlandığı “Горный журнал”da Forum barəsində məlumatlar dərc olunacaqdır.
İnanıram ki, bugünkü tədbir regionda dağ-mədən sahəsinin inkişafına, həmçinin Azərbaycanın mədənçilik sahəsində potensial imkanlarının beynəlxalq arenaya çıxarılması, sözügedən istiqamətlərdə əməkdaşlığın inkişafına öz müsbət töhfəsini verəcəkdir”