Əli Əliyev: “Ölkə miqyasında 113 şirin və termal-mineral su yataqları kəşf edilib”
“Azərbaycan geoloji-tektonik mövqeyinə və mineral-xammalın formalaşma xüsusiyyətlərinə görə böyük potensiala malik ölkədir”.
1news.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Beynəlxalq Geologiya- Mədənçilik Forumunda çıxışı zamanı deyib.
“Burada zəngin neft yataqları ilə yanaşı çoxsaylı dəmir, kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden, qızıl, mərgümüş, sürmə, qeyri-metal, yeraltı şirin və termal-mineral su və s. kimi yataqlar kəşf edilmiş və ehtiyatları hesablanmışdır. Artıq bu yataqların istismarında “AzerGold” QSC, “R.V.İnvestment, “Artvin Maden”, “Eti Bakır” və s. digər yerli və xarici şirkətlər çalışmaqdadır”.
Ə.Əliyev deyib ki, hazırda ölkə miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və termal-mineral su yataqları kəşf edilmiş, ehtiyatları hesablanaraq Dövlət və sahə balanslarına qəbul olunub.
“Son araşdırmalara əsasən yalnız Şəqri Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 800-dən artıq təzahürlər müəyyənləşdirilmiş və onların perspektivliyi təsdiq edilib“.