Azərbaycanlılara qarşı nifrət cinayətləri və hesabatının təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlılara qarşı nifrət cinayətləri və hesabatının təqdimatı keçirilib

11:41 - 30 / 10 / 2023
Azərbaycanlılara qarşı nifrət cinayətləri və hesabatının təqdimatı keçirilib

Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Baş prokurorun müavini Elmar Camalov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, elm xadimləri və media nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, işğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar - “döyüşməyi bacarmayan alverçilər, köçəri millət, “primitiv köçərilər”” və sair epitetlər daşlamış zehinlərin göstəricisi idi, çünki müharibə tam fərqli gerçəkliyi - 100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoyub.

“Qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır”,- deyə o vurğulayıb.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qeyd edib ki, etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşər dəyərlərlə ziddiyyət təşkil etməkdədir.

“Təəssüflər olsun ki, uzun illərdir Azərbaycan da bu siyasətin acı nəticələrindən əziyyət çəkir. Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət edilib”,- deyə Ombudsman bildirib.

Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov, Baş Prokurorun müavini Elmar Camalov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digərləri çıxış edərək azərbaycanlılara qarşı nifrət məsələsindən danışıblar. Tədbir müzakirələrlə davam edib

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər