Sosial yardım nə qədər artacaq? - Deputatdan İZAH
“Gələn ildən ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq”.
1news.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir: “Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək”.
Deputatın sözlərinə görə, bir ailənin 5 üzvü varsa və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdırsa, bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur: “Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda, o proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat- 800 manat) olur. Digər tərəfdən, 2024-cü ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəuyğun olardı. Bu zaman ünvanlı sosial yardım proqamında da yaşayış minimumu meyarından istifadə etmək daha uyğundur”.