Bakıda gicgahına daşla zərbə vurulan kişi ölüb
Noyabrın 2-də saat 06 radələrində Səbail rayonu, Puşkin küçəsi 4 ünvanında 1960-cı il təvəllüdlü Adil Xəlilovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Səbail rayon prokurorluğundan 1news.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Əsədullayevin aralarında yaranmış mübahisə zamanı Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vurması nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır, Mərdan Əsədullayev prokurorluğun qərarı əsasında iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.