Şimşək çaxacaq, qar yağacaq - Hava XƏBƏRDARLIĞI
Bakıda və Abşeron yarımadasında noyabrın 7-də şimal-qərb küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında noyabrın 7-si axşamdan 8-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Dağlıq Şirvan, Quba-Qusar) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, noyabrın 7-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də, (Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay çaylarından) qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.