Gəncədə küçə ticarətinə qarşı monitorinqlər keçirilib - FOTO
Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar. Baş İdarə əməkdaşları tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyət göstərən bir neçə avtoyuma məntəqəsində kimyəvi maddələrlə yuyulan avtomobillərin çirkli sularının yola axıdılması nəticəsində ərazilərdə gölməçələr yaranması, ətrafa pis qoxu yayılaraq antisanitar vəziyyət hökm sürməsi məlum. Həmin məntəqələrlə profilaktiki söhbət aparılıb və barələrinə qanuna müvafiq tədbir görülüb.