Azərbaycanın Fransadakı səfiri Paris merinə açıq məktubla cavab verib
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meri Ann İdalqoya açıq məktubla cavab verib.
1news.az xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.
“Alovu qızışdırmağa ehtiyac yoxdur, sülhün yolu həqiqətdən keçir. “Paris meri xanım Ann Hidalqo bu yaxınlarda “Azərbaycandakı erməni məhbusları” azad etməyə çağırıb. Səfir və Azərbaycan vətəndaşı kimi mən özümü Paris merinin bu müraciətinə münasibət bildirməyi özümə borc bilirəm, çünki o, yanlış məlumatlara əsaslanır və bu mifləri saxlayan marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir. Sülhə nail olmaq heç də asan iş deyil, çünki sülh həqiqəti söyləməyi tələb edir. Tarix bizə öyrədir ki, dayanıqlı sülh yalanlara son qoymaq deməkdir. Həqiqəti söyləmək üçün isə ilk növbədə başqalarını düşmən kimi təqdim etməmək lazımdır.
Əraziləri tamamilə dağıdılmasına baxmayaraq, işğal başa çatdıqdan sonra sülh müqaviləsi imzalamaq təklifi ilə Ermənistana müraciət edən də Azərbaycan oldu. Bir məsələyə də diqqət çəkmək istəyirəm ki, beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, Luis Moreno Okamponun Azərbaycan Respublikasının Qarabağ bölgəsində “soyqırımı” ilə bağlı iddiaları əsassızdır. Onun hesabatı hüquqi əsaslandırma baxımından ciddi qüsurlara malikdir, çünki soyqırım məsələsini araşdırmaq üçün lazımi əsas yoxdur və Okamponun hesabatı da belə bir əsas yaratmır. Ortada nə soyqırımı törətmək niyyəti, nə də konkret əməl var. Bu hesabatda irəli sürülən iddialar diqqəti real məqsədlərdən yayındırır və sülh prosesinə zərbə vurur.” , - Leyla Abdullayeva yazıb.