Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi - FOTO
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
1news.az xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibəti ilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində abadlıq və quruculuq işləri istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 800 sakinin yaşadığı Cavadxan küçəsi 32, 36 və H.B.Əliyev küçəsi 6/8 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 32 və 36 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Relyef nəzərə alınaraq məhəllədaxili piyada yollarında yeni pilləkənlər tikilib, uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb. Ətrafda yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarında təmir işləri aparılıb.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 1000 kv.m-ə yaxın asfalt, 700 kv.m-dən artıq tamet daşı vurulub, 700 kv.m qazon salınıb, 300 p.m yeni bardürlər qoyulub, 50 kub m-ə yaxın torpaq işləri görülüb, 200 p.m-dən artıq istinad divarı tikilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Həyətdə sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Rayon ərazisində fevral ayından başlayaraq hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.