Sahibə Qafarova Türkiyənin hakim partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasında münasibətlər uğurla inkişaf edir.
Görüşdə vurğulanıb ki, bu münasibətlər parlamentlər arasında da əməkdaşlığın daha da genişlənməsini şərtləndirib. Bildirilib ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üzrə hədəfləri müəyyən edən və yol xəritəsi rolunu oynayan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsində parlamentlərarası əlaqələrin inkişafına dair bəndin olması da iki qardaş ölkənin qanunvericilik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətinin göstəricisidir.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında çoxşaxəli əməkdaşlıq həyata keçirilir. Deputatlar ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla fəaliyyət göstərirlər.
Söhbət zamanı iki ölkənin dövlət qurumları və təsisatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd edilərək, bu mənada Azərbaycan və Türkiyənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında əməkdaşlıq əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyi ifadə olunub. Vurğulanıb ki, partiyalar arasında əlaqələrin gücləndirilməsi ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan parlamenti partiyalar arasında əlaqələrin gücləndirilməsini dəstəkləyir.
Mövcud görüş haqqında Zafer Sırakaya da "X" hesabınd paylaşım edib. O bildirib ki, Azərbaycan Milli Məclisində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş çərçivəsində parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, beynəlxalq platformalarda daha sıx əməkdaşlıq barədə danışıq aparıblar.