Amaliya Hacızadə möhtəşəm nəticələrlə dünyanın ən mötəbər universitetlərindən birinə daxil olub - FOTO
Müasir dövrümüzdə istedadlı gənclərimiz Azərbaycanın milli sərvətini qürurla təmsil edirlər.
Bugünkü məqalədə bu parlaq zəkalardan birindən – Amaliya Hacızadədən bəhs edəcəyik.
Beləki, A.Hacızadə yüksək nəticələrlə İtaliyanın Sapienza Universitetinin (Sapienza - Università di Roma) cərrahiyyə ixtisası üzrə tibb fakültəsinə daxil olub və həmin ali təhsil ocağında ödənişsiz əsaslarla təhsil alacaq. Qeyd edək ki, bu ali təhsil ocağı İtaliyanın paytaxtı Roma şəhərində yerləşir, əsası XIV əsrin əvvəllərində qoyulmuş dünyanın ən qədim universitetlərindən biridir. Hazırda sadəcə İtaliyanın deyil, eyni zamanda dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet İtaliyanın, eləcə də, Cənubi Avropanın ali təhsil müəssisələrinin reytinqlərində müntəzəm olaraq birinci sırada yer alır və Avropanın ən mötəbər universitetlərindən biridir.
Amaliya Hacızadə Azərbaycanın paytaxtında anadan olub. 8-ci sinfə qədər Bakı Avropa Liseyində, daha sonra təhsilini ingilis dilində “Landau School”da davam etdirib. A.Hacızadənin sözlərinə görə, o, hələ uşaqlıqdan həkim olmağı planlaşdırıb:
“Uşaqlıqdan bəri hər zaman məni cərrahiyyə cəlb edib, cərrah olmaq fikri ağlımdan çıxmırdı. Baxmayaraq ki, 8-ci sinifdə humanitar fənlər üzrə fikrimi dəyişmək istəsəm də, lakin bunu etmədim, anladım ki, mənim üçün ən maraqlı sahə tibbdir. Bu baxımdan heç nəyi dəyişməmək və arzuma doğru irəliləmək qərarına gəldim”.
Bir məqamı da nəzərinizə çatdıraq ki, keçən il Amaliya “A-Level” proqramı üzrə məktəb balları əsasında topladığı nəticələrlə 12 illik təhsil almaq və xaricdə universitetlərə daxil olmaq imkanı əldə etmək üçün foundation qəbul olub.
Amaliya Romanın Tor Vergata Universitetinin (Universita degli Studi di Roma Tor Vergata) nəzdindəki foundation təhsil alarkən fizika, kimya, biologiya və riyaziyyat fənlərini, eləcə də, italyan dilini öyrənir. Tədris ilinin sonunda imtahanda ən yüksək balı – 30 baldan 30-nu toplayır. Daha sonra o, IMAT imtahanında da əla nəticələr göstərir. Qeyd edirik ki, İtaliya üzrə təxminən 14 min nəfər tibb üzrə ali təhsil müəssisələrində bu imtahanda iştirak edir, onlardan yalnız 450 nəfəri İtaliya üzrə tibb fakültələrinə qəbul olmaq imkanı əldə edir.
Amaliya Hacızadə bu 450 nəfərdən 300-cü olub. Onu da vurğulayırıq ki, Sapienza Universiteti tibb fakültəsinə qəbul olmuş abituriyentlər üçün 58 yer ayırır, onların arasında 45 nəfəri Avropa İttifaqı, 13-ü isə digər ölkələrin vətəndaşlarıdır.
“Biliklərim sayəsində IMAT imtahanından keçərək dünyanın ən yaxşı universitetlərindən birində təhsil almaq hüququ qazanmış 58 şanslı arasında oldum. Fəxr edirəm ki, bu il Sapienza Universitetinin tibb fakültəsinə daxil olan yeganə azərbaycanlıyam və cərrah ixtisası üzrə ödənişsiz təhsil alacağam”, - Amaliya Hacızadə qeyd edir.
Bir məqamı da xüsusilə vurğulayırıq ki, 18 yaşlı A.Hacızadə IMAT-ı uğurla keçənlərin arasında ən gəncidir. Belə ki, bu imtahanı əsasən yaşı 18-dən yuxarı olan şəxslər verir.
Amaliya 6 il Sapienza Universitetində təhsil alacağını, daha sonra 5 il təcrübə keçəcəyini və ürək-damar cərrahiyyəsi üzrə ixtisaslaşmağı planlaşdırdığını vurğulayır:
“Bütün abituriyentlərə tövsiyə edirəm ki, ilk olaraq hansı fakültəyə daxil olmaq və təhsillərini hansı ölkədə almaq istədiklərini mümkün qədər tez qərar versinlər. Ümumilikdə isə, qəbul prosesi haqqında ətraflı məlumat əldə etsinlər. Misal üçün: qəbul üçün hansı testlərdən keçmək lazımdır və s. araşdırsınlar. Bütün bu məqamları mümkün qədər tez etmək lazımdır. Belə ki, bütün vaxtlarını səmərəli şəkildə sərf etsələr, qarşıya qoyulmuş məqsədə yüksək səviyyədə nail olacaqlar, beləliklə də arzularını həyata keçirə biləcəklər”.