Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdı”
“2003-cü ilin 15 oktyabr tarixində Azərbaycan xalqı tarixi seçimini edərək öz səsini ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, sabitliyin qorunmasına və dinamik inkişafın təmin olunmasına verdi”.
Bu sözləri ölkə mətbuatına verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki,həmin tarixi gündən keçən 20 il ərzində Azərbaycan qarşısında duran bütün vəzifələri yerinə yetirdi. “ Bu il oktyabrın 15-də qədim Azərbaycan şəhəri olan Xankəndidə müqəddəs bayrağımızı ucaldarkən öz xalqına müraciət edən Prezident İlham Əliyev demişdir: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Möhtərəm dövlət başçımız bütün vədlərinə, verdiyi bütün sözlərə əməl etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 2003-cü ilin yanvar ayının 10-da etdiyi müraciətində dediyi bütün sözlər də öz təsdiqini tapmış oldu. Həmin müraciətində Ulu Öndər demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. ..İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu tarixi müraciət əslində Azərbaycan dövlətinin və xalqının gələcək müqəddəratını həll edəcək bir çağırış idi. Xalqımız bu çağırışı layiqincə dəyərləndirdi və öz gələcək taleyini Ulu Öndərin ən layiqli davamçısı olan cənab İlham Əliyevə etibar etdi.”
Deputat qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi sisteminin yeni, müasir çağırış və tələblərə cavab verə bilən unikal modelini qurmağa müvəffəq olub: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə ölkənin ictimai həyatına və siyasi sisteminə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartları, milli siyasi etika nümunələri təqdim etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edərək, ölkəmizin qısa zamanda dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.”
Prezident İlham Əliyevin həyata keçirdiyi möhtəşəm strategiya sayəsində Azərbaycanın son üç ildə əldə etdiyi parlaq Qələbələrin xalqımızın tarixində ən böyük zəfərlər olduğunu vurğulayan K.Qafarov deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması cənab Prezident İlham Əliyevin Zəfər zirvəsi oldu. Lakin Zəfərlərimiz bununla bitmədi. Bu ilin oktyabr ayının 15-də isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırmaqla növbəti dəfə tarix yazdı. Bu hadisədən bir ay öncə aparılmış antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək Qarabağda separatçılığın kökünü kəsdilər və bununla da Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu. Cənab Prezident İlham Əliyev xalqın 30 illik həsrətinə, dədə-baba torpaqları nisgilinə son qoymaqla Ulu Öndər Heydər Əliyevin ən böyük vəsiyyətini yerinə yetirdi və eyni zamanda da millətin qürurunu özünə qaytardı” .