Kamran Əliyev iranlı həmkarı ilə danışdı - Səfirliyimizə hücumla bağlı hökmün qəbulunun sürətləndirilməsi müzakirə edildi
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib.
Baş prokurorluğun Mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 23-də keçirilən görüşdə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə bu ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.