ARDNF-nin aktivləri 14%-dən çox artıb
Ötən ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 56 milyard 069,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə 1news.az-a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, 2022-ci illə müqayisədə 7 milyard ABŞ dolları və ya 14,3 % çoxdur.
Hesabat ili ərzində ARDNF-nin büdcəsi 9 milyard 829 milyon manat həcmində profisit ilə icra olunub.
2023-cü ildə Neft Fondunun büdcə gəlirləri 21 milyard 661,9 milyon manat, büdcə xərcləri isə 11 milyard 832,6 milyon manat təşkil edib. Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 324,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 milyard 519 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 milyard 337,8 milyon manat təşkil edib.
Hesabat dövründə ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 milyard 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat yönəldilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 34,3 milyon manat yönəldilib. ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 2 milyard 132,1 milyon manat təşkil edib.
2023-cü ildə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.
Keçən il ərzində Fondun investisiya gəlirliliyi 7,1 % olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnib.
"2023-cü il, maliyyə bazarları üçün bir çox inkişaf etmiş ölkələrin mərkəzi banklarının sərtləşmə siyasətini davam etdirdiyi bir dövrdə iqtisadi artım və inflyasiya ilə bağlı qeyri-müəyyənliyin təkan verdiyi volatillik ilə xarakterizə olunan bir il kimi yadda qalıb. Tənəzzül ili ola biləcəyi ilə bağlı proqnozlara baxmayaraq, qabaqcıl ölkələrdə inflyasiyanın səviyyəsində müşahidə olunan yavaşlama, eləcə də yüksək dayanıqlılıq fonunda bir sıra iqtisadi göstəricilərdə izlənilən müsbət tendensiya xüsusən ilin sonuna doğru iqtisadi artıma da müvafiq təsirini göstərib.
İqtisadi göstəricilərdəki volatillik maliyyə aktivlərinin gəlirliliyinə təsirsiz ötüşməyib. İki illik ardıcıl itkilərdən sonra istiqraz indekslərinin əksəriyyətində ilin sonuna doğru olmaqla müsbət gəlirlilik nəticələri qeydə alınıb. Eyni zamanda, əsas səhm indeksləri də, inflyasiya və qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının faizləri endirəcəkləri ilə bağlı nikbin gözləntilərin fonunda ili müsbət gəlirlərlə başa vurub", - məlumatda deyilir.