Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs saxlanılıb
Bərdədə silah satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Həsənli Qalib Elbrus oğlu tutulub. Onun yaşadığı ünvandan 1 ədəd AK-103 markalı kalaşnikov avtomatı, həmin silaha aid 1 ədəd daraq və 75 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, 44 günlük vətən müharibəsi zamanı həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib. O, silahı 2000 manata satmaq istədiyini bildirib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.