Ötən il “Azərsu” abonentlərinin sayı 4,3 faiz artıb - RƏQƏMLƏR
2023-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 4,3 faiz artıb.
Agentlikdən 1news.az-a verilən məlumata görə, 1 yanvar 2024-cü il tarixinə ölkə üzrə 1823757 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1750522-si və ya 96 faizi əhali, 73235-i və ya 4 faizi qeyri-əhali qrupu abunəçiləridir.
İl ərzində abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni abonentlərin qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
01 yanvar 2024-cü il tarixinə abonentlərin 90,2 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,9 faiz, qeyri əhali qrupu üzrə isə 95,9 faiz təşkil edir.