Azərbaycanda gənclər siyasəti – “Atılan addımlar gənclərin inkişafına gətirib çıxardı” - ŞƏRH
Gənclər bir aparıcı qüvvəsidir desək, yanılmarıq.
Məhz bu səbəbdən bütün dünyada gənclər siyasəti önəmli hesab edilir. Gənclər üçün müxtəlif fürsətlər yaradılır. Ölkəmizdə də gənclərin inkişafına çox önəm verilir. Gənclərin təhsili, rahat iş tapması, problemlərinin həlli hər zaman diqqətdə saxlanılır. Dünyanın bir çox yerlərində olduğu kimi ölkəmizdə də gənclər yüksək vəzifərələrə təyin olunur. Milli ruhda yetişən gənclik ölkəmizin uğur qazanmasında önəmli rol oynayıb. Elə buna misal olaraq Vətən Müharibəsini göstərmək olar. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Vətən Müharibəsində şəhid olanların ailələrinə, iştirak edənlərə dövlət tərəfindən xüsusi diqqət yetirilir.
Ümumiyyətlə ölkəmizdə gənclər siyasəti necə həyata keçirilir?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Azərbaycan dövləti gənclər siyasətinin uğurla həyata keçirildiyi ölkələrdəndir.
“Həyata keçirilən bu siyasət öz nəticəsini verir. Bunun təməli 30 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyimiz bərpa edildikdən sonra, ölkəmizdə bütün sahələrdə tənəzzül var idi. Ölkədə baş verən hadisələr, gəncləri də kənarda qoymuşdu. Müxtəlif qruplaşmalar öz məqsədlərinə çatmaq üçün gəncləri istifadə edirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan addımlar 30 il ərzində çox uğurla həyata keçirildi. Birincisi onu qeyd etmək lazımdır ki, hələ o zamanlar ulu öndər tərəfindən imzalanmış Gənclər və İdman Nazirliyinin yaradılması, “Gənclər günü”nün təsis edilməsi, Dövlət gənclər siyasətinin qəbul edilməsi, Gənclər fondunun yaradılması və s. bütün bunlar Azərbaycan gəncliyinin bir çox istiqamətlərdə inkişafını təmin etmək məqsədi daşıyırdı. Bunlara, milli mənəvi dəyərlərimizin qorunması, gənclərimizin intellektual səviyyədə inkişaf etməsi, mənəvi və fiziki cəhətdən sağlam böyüməsi, vətənpərvər ruhda yetişməsi istiqamətində mühüm faktorları özündə cəmləşdirdi. Bunun da kökündə məhz azərbaycançılıq ideologiyası dayanırdı. Son 20 ildə cənab Prezident İlham Əliyev tərəfindən gənclər sahəsinə xüsusi diqqətin yetirilməsi, gənclərin sürətlə inkişaf etməsi, vətənpərvər gənclərin yetişməsi, intellektual və mənəvi cəhətdən gənclərimizin yetişməsi istiqamətində atılan addımlar gənclərin inkişafına gətirib çıxardı".
Deputat deyib ki, Azərbaycan gəncliyinin ən böyük sınağı müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən üzüağ çıxması idi.
“Vətən müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclərdən ibarət idi. Azərbaycan gəncləri Vətən Müharibəsində böyük rəşadət göstərərək torpaqlarımızı işğaldan azad etdi. Vətən Müharibəsi təkcə tarixi ədalətin bərpa edilməsi, torpaqlarımızı işğaldan azad edilməsi, suverenliyimizin tam təmin edilməsi deyil, eyni zamanda gələcək nəsillər üçün bir şanslı tarixdir. Bundan sonrakı gənclərimizin də vətənpərvər ruhda yetişməsinə Vətən müharibəsinin önəmli rolu oldu”.
C.Osmanov bildirib ki, İlham Əliyev 2018-ci ildə prezident seçiləndən sonra ilk görüşünü məhz gənclərlə etdi.
“Prezident gənclər qarşısında çıxış edərkən də bildirmişdi ki, məhz Azərbaycanın gələcək idarəedilməsi, gələcək inkişafı məhz gənclərin əlindədi. Bu mesaj Azərbaycan gəncliyinin qarşısında duran ciddi bir proqramdı. Artıq Azərbaycanın qarşısında yeni hədəflər var, həmin hədəflərə çatmaq üçün isə gənclərin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, Azərbaycan gəncləri üzərlərinə düşən bu vəzifəni layiqincə icra edəcək”.
“Gənclər Mərkəzi” ictimai birliyinin rəhbəri Kənan Qubadzadə deyib ki, Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir.
“Bu gün ölkəmizdə gənclər üçün bütün istiqamətlər, bütün qapılar açıqdır. Ölkəmizdə gənclər siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin hakimiyyətə gəlişindən sonra Gənclər və İdman Nazirliyinin yaradılması və Gənclər siyasətinin ortaya qoyulması ölkədə gənclərə verilən dəyərin göstəricilərindəndir. Cənab Prezident İlham Əliyev də bütün çıxışlarında gənclərlə görüləcək işlərdən danışır. Dünya ölkələrinə baxsaq, görərik ki, gənclərə Azərbaycanda olduğu kimi dəyər verilmir. Ölkəmizdə yüksək vəzifələrə gənclər gətirilir”.
O, deyib ki, İlham Əliyev 2003-cü ildə hakimiyyət gəlişindən sonra, gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi dəyərləndirdi.
"Ölkəmizdə ilk dəfə 2007-ci ilin "Gənclər ili" elan olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, gənclər təşkilatlarına daha çox önəm verilməsini, gənclər üçün Prezident mükafatının təsis olunması və s. məsələləri Azərbaycan Prezidentinin gənclərə birbaşa diqqətinin göstəricisidir".
“Bu gün biz bütün torpaqları azad olan bir ölkənin gəncləriyik” – deyə K.Qubadzadə əlavə edib:
“Bizim artıq Qarabağ adlanan bir problemimiz yoxdur. Bu da ölkə başçısının apardığı uğurlu siyasətin, ümumiyyətlə xalq-iqtidar birliyinin sayəsində oldu. Bu inanılmaz və tarixi bir qələbədir. Cənab Prezident bütün çıxışlarında “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyirdi. İlham Əliyev dediyi bütün sözləri imza kimi qəbul edir və hamısını da icra etdi. Hazırda ölkəmizdə qayıdış prosesi sürətlə gedir, bu prosesdə də gənclərin rolu önəmlidir. Düşünürük ki, tədbirlərimizi, böyük forumlarımızı azad olunmuş ərazilərimizdə edəcəyik. Gənclərimizin potensialından azad olunmuş ərazilərimizdə də istifadə edilir və bundan sonra da istifadə ediləcək. Qayıdış prosesində gənclərin təşəbbüsü çox önəmlidir.
Cənab Prezidentin də dediyi kimi son 20 ildə vətənpərvər gənclik yetişib. 44 günlük Vətən Müharibəsində bunun şahidi olduq. 27 sentyabr 2020-ci ildə Ali baş komandanın əmri ilə bütün xalqımız, xüsusəndə gənclər ayağa qalxdı. Bütün xalqımız Ali baş komandanın ətrafında sıx birləşdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin. Ali baş komandanın rəhbərliyi ilə məhz milli ruhda böyüyən gənclərin sayəsində bütün torpaqlarımız azaddır. Bundan sonra da ölkə başçısının sözləri biz gənclik üçün nümunədir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.