Gələcəyə əmin addımlarla: Gənclər ADY-nin strateji inkişafının mühüm hissəsidir
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün fəaliyyət sahələrinə cəlb olunmuş gənc kadrlar şirkətin hərtərəfli inkişafını sürətləndirən əsas amillərdən biridir.
ADY-də kadr potensialının təkmilləşdirilməsi və yeni kadrların yetişdirilməsində gənclərə xüsusi yer verilir.
Hazırda ADY-də 18-29 yaş aralığında olan 1437 gənc əməkdaş çalışır ki, onların da 377-si 2023-cü ildə işə qəbul olunub.
ADY eyni zamanda gələcəyin dəmiryolçularının yetişməsi üçün əməkdaşlığı genişləndirir. Gənc mütəxəssislərimiz və onları yetişdirən mentorlarının səyləri ADY-ni təkcə gələcəyə aparmır. Onlar dəmir yolu sənayesinin qlobal tərəqqinin və nəqliyyat bağlantılarının lokomotovi olaraq qalmasını təmin edir. Son üç ildə 1700-dən çox tələbə ADY-də istehsalat təcrübəsi keçib və hazırda peşə təhsili müəssisələrinin 417 tələbəsi istehsalat təcrübəsini davam etdirir.
Bundan başqa, ali təhsil müəssisələrində dəmir yolu sahəsi ilə bağlı 23, peşə və orta ixtisas təhsili müəssisələrində isə 28 ixtisas üzrə tədris təşkil olunur. 2023–2024-cü tədris ilində Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində dəmir yolu profili üzrə ixtisaslar açılıb.
90 tələbənin 2024-cü ilin ilk yarısında müvafiq strukturlarımızda təcrübə keçməsi üçün 4 fərqli ali təhsil müəssisəsindən ADY-yə sorğu daxil olub.
ADY-nin gənc kadrların cəlb edilməsinə və yetişdirilməsinə böyük diqqət ayırması səbəbsiz deyil. Öz enerjisi və yenilikçi ruhu ilə komandamızın gənc üzvləri təcrübəli dəmiryolçularımızın davamçıları olaraq şirkətimizin inkişafında yeni mərhələlərin qapılarını açır. Onların xüsusilə müasir texnoloji bilik və bacarıqlara daha sürətli yiyələnmək potensialı innovasiyaların ADY infrastrukturuna daha geniş inteqrasiyasını təmin edir.
Bu gün Gənclər Gününü böyük qürurla qeyd edir, dəmir yolları davamlı inkişaf və innovasiya yollarına çevirdiklərinə görə həm gənc, həm də illərdir bizimlə çiyin-çiyinə addımlayan təcrübəli əməkdaşlarımıza təşəkkür edirik.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral tarixi 1997-ci ildən Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.