Ceyhun Bayramov TDT-nin Baş katibi ilə görüşüb - YENİLƏNİB
Xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə bağlı Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
XİN-dən 1news.az-a bildirilib ki, görüşdə Azərbaycan və TDT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, ölkədə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri müzakirə olunub.
Azərbaycanın TDT çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, bağlantılar, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, Təşkilatın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Bu istiqamətdə, son dövrlərdə üzv ölkələr arasında təmasların artmasının mövcud əməkdaşlıq imkanlarından səmərəli istifadə üçün şərait yaratdığı bildirilib.
Bu il Təşkilatın Azərbaycan daxil, üzv dövlətlərdə keçiriləcək yüksək səviyyəli tədbirlərinin təşkilatın daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
C.Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin ölkəmiz üçün simvolik əhəmiyyət daşıdığını qeyd edib. Seçki prosesinin təşkili ilə bağlı XİN tərəfindən görülmüş hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, prosesin şəffaflığının müşahidəsi baxımından regional və beynəlxalq təşkilatların, o cümlədən TDT-nin müşahidəçi qismində aktiv iştirakının təqdirəlayiq olduğunu bildirib.
Baş katib Kubanıçbek Ömüralıyev, ölkəmizə növbəti səfərinin təşkil olunan tarixi növbədəkənar Prezident seçkiləri dövrünə təsadüf etməsindən məmnunluq duyduğunu, keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın inkişaf və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikr mübadiləsi aparılıb.
12:40
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubançıbek Ömüralıyev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
1news.az xəbər verir ki, bu barədə TDT Baş katibinin "X" hesabında məlumat verilib.
Onun sözlərinə görə, görüşdə TDT-nin fəaliyyəti və Azərbaycanda növbədənkənar prezident seçkisini izləyən TDT-nin Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələlər müzakirə olunub.