Konstitusiya Məhkəməsi Prezidenti seçkilərinin yekunlarını təsdiqləyib və elan edib - YENİLƏNİB 4
Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib.
1news.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
***
12:09
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.
1news.az-ın xəbərinə görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edəcək.
***
saat 11:19
Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.
***
11:03
Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.
1news.az-ın APA-ya istinadən xəbərinə görə, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin elan edilməsi məsələsinə baxılır.
Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.
Bildirilib ki, Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.