Ceyhun Bayramov İqor Xovayevi qəbul edib
14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
XİN-dən 1news.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub.
Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.