Deputat: “Ermənistan tərəfi anlayır ki, Azərbaycan əsgərinə qarşı atılan hər bir addımın cavabını verəcək”
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son 20 ildə Azərbaycan Ermənistan tərəfinə dəfələrlə sülh yolu ilə, hər-hansı bir güc tətbiq etmədən, danışıqlar masası ətrafında toplanaraq Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni silahlı birləşmələrin torpaqlarımızdan çıxarılmasını təkidlə təklif edirdi” .
Bunu 1news.az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.
“Lakin, Azərbaycanın bu çağırışlarına Ermənistan, eləcə də onun havadarları məhəl qoymurdular, əksinə mütəmadi olaraq təxribat törədir və Azərbaycan Ordusunun əsgərlərinə zərər yetirirdilər” .
Deputat deyib ki, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində Azərbaycan Ordusu birmənalı olaraq Azərbaycanın qulaqardıya vurulan təkliflərinin ciddi olduğunu Ermənistan tərəfinə başa saldı.
“ Beləliklə, iki dəfə kapitulyasiya aktına imza atan Ermənistan bir daha Azərbaycan tərəfinə və əsgərinə güllə belə atmayacağına dair söz verdi. Təəssüflə qeyd edim ki, Böyük Sülh Sazişinin müzakirəsi getdiyi bir zamanda, Ermənistan baş nazirinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Sülh Sazişini imzalamağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, sərhədçi əsgərimizə qarşı törədilmiş bu cinayət bir daha ermənilərin nəinki öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini açıq-aydın ifşa edir, eyni zamanda düşdükləri mürəkkəb vəziyyəti bir o qədər də ağırlaşdırır”.
“Ölkə başçısının səsləndirdiyi kimi, Azərbaycan əsgərinə hədəflənmiş hər-hansı bir gülləyə cavab olaraq ən ağır və layiqli əməliyyat tədbirləri tətbiq olunacaq” - deyə deputat əlavə edib.
“12 fevral tarixində sərhəddə baş vermiş təxribata Azərbaycan Silahlı Qüvvələrinin cavabından sonra düşünürəm ki, qarşı tərəf Azərbaycan əsgərinə qarşı tətbiq olunacaq hər-hansı bir zərbənin beş qatını alacağının artıq fərqindədirlər”.
M.Əfəndiyev deyib ki, özlərini Azərbaycan-Ermənistan arasında vasitəçi kimi görən güc dövlətləri bu baş vermiş hadisəyə konkret qiymət verməli və revanşizm ab-havasında olan tör-töküntülərin fəaliyyətinə konkret münasibət bildirməlidirlər.
“Azərbaycan 30 il ərzində səbrlə ərazi bütövlüyünün bərpasına nail olduğu kimi, bundan sonra da təmkinlə və ardıcıl, çoxvektorlu siyasi addımlarla Böyük Sülh Sazişinin imzalanmasını mümkün edəcəkdir” ..
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Bunun ardından, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. Nəticədə iki erməni əsgər məhv edilib, yaralılar var.