DVX rəisi: Vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır
"Vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır".
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
"Ötən 5 il göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır".
O bildirib ki, bu gün iqtisadiyyatımız qarşısında duran yeni çağırışlar göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin həyata keçirilməsində əsas iqtisadi tənzimləmə alətlərindən biri olacaqdır.
"Ölkənin yeni strateji inkişaf dövründə, iqtisadiyyatın davamlılığının təmin edilməsi, böyüməsi və artım sürətinin yüksəlməsi üçün vergi siyasətinin çevik hədəflərə adaptasiya oluna bilən nəticəyönümlüyü artmaqdadır".