İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
2021-2023-cü illər ərzində eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı olunub. Əməliyyat olunanların 282-ni uşaq, 35-ni isə böyüklər təşkil edib.
1news.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta ilə aparılan koxlear implantasiya əməliyyatlarının insanların sağlamlığına müsbət təsirindən danışıb. O, bildirib ki, icbari tibbi sığorta əməliyyat olunmuş şəxslərin eşitmə qabiliyyətinin tam bərpasını təmin edərək onları ömürlük əlillikdən xilas edir.
“İcbari tibbi sığorta ilə koxlear implantasiya daha çox eşitmə azlığı və ya eşitmə itkisi ilə doğulmuş uşaqlarda icra olunub. Bu əməliyyat sayəsində insanların eşitmə qabiliyyəti, nitq qavraması yaxşılaşır, nəticədə onların ailə üzvləri, dostları ilə ünsiyyəti asanlaşır. Ətrafdakı insanlarla dialoqa girə bilmək onlarda özgüvənliyi artırır. Bu da təbii ki, onların peşəkar imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, karyera və şəxsi həyatda uğur qazanmaqla nəticələnir. Bütün bunlar nəzərə alınaraq keçən ildən koxlear implantasiyaya tətbiq edilən say limiti ləğv olunub”, -deyə departament rəhbəri məlumat verib.
Qeyd edək ki, diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, KT və MRT müayinələri aparılır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru və əməliyyatdan sonra cihazda səsin tənzimlənməsi, habelə reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya üçün loqoped və psixoloq xidməti vətəndaşlara icbari tibbi sığorta ilə ödənişsiz göstərilir.
Loqoped xidmətinə uşaqların eşitmə qavrayışı, nitqin, ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi, səs-tələffüz, oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlərin həyata keçirilməsi aiddir. Psixoloq xidmətinə isə uşağın mövcud olduğu mühiti, azyaşlının təfəkkürünün və qavramasının inkişafı, davranış pozuntusunun aradan qaldırılması üzrə fəaliyyət istiqamətləri aiddir.
İcbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı göndəriş vərəqəsi əsasında agentliklə müqaviləsi olan özəl tibb müəssisəsində icra olunur. Xidmətdən istifadə etmək üçün müvafiq müayinələrin aparılması, diaqnozun təyini və əməliyyat üçün özəl tibb müəssisəsinə göndəriş vərəqəsinin verilməsi məqsədilə ilkin olaraq TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.