Könül Nurulayeva: “Azərbaycan beynəlxalq platformalarda da qadınların hüquqlarının ən fəal müdafiəçilərindən biridir”
"Azərbaycan qadını hər zaman fəal vətəndaşlıq mövqeyi ilə seçilib".
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirilib ki, Dövlət müstəqilliyimizin bərpasından sonra qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır.
"Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadını mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.
Azərbaycan qadını dedikdə ilk növbədə gözümüzün qarşısına öz əzmkarlığı, analıq şəfqəti ilə seçilən xanım obrazı gəlir. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da artırmaqdadır. Bu fəaliyyət sayəsində Azərbaycan qadını ölkəmizin humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilərək, mərhəmətin, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərin daşıyıcısı kimi Azərbaycanı dünyaya təqdim edir.
Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadın hüquqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrlə təsbit olunur".
" Ölkəmiz eyni zamanda beynəlxalq platformalarda da qadınların hüquqlarının ən fəal müdafiəçilərindən biridir"- deyə deputat əlavə edib:
"Belə ki, Qoşulmama Hərəkatının sədri kimi ötən il Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda da Azərbaycan qadınların rolunun daha da gücləndirilməsinə, onların dekolonizasiya yolunda mübarizəsinə daha güclü dəstək verilməsinin vacibliyini gündəmə gətirdi. Eyni zamanda 2021-ci il ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirilən videokonfransda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
sürətlə dəyişən dünyamızda qızların təhsili, onların elm sahəsində iştirakına dair dəyərli təklif və tövsiyələrini xüsusi qeyd etməliyik. Azərbaycan bu platformada qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmlərinin yaradılmasına töhfə verən ölkə kimi təqdim olundu".
K.Nurullayev deyib ki, istər dövlət strukturunda, istər özəl sektorda qadınlara verilən dəstək onların öz potensiallarını uğurla həyata keçirmələrinə yardım edir.
"Nəticə etibarilə bu gün Azərbaycan qadını həm dövlət, həm də özəl sektorda söz sahibidir.
Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması məhz qadınların - analarımızın adı ilə sıx bağlıdır.
Prezident İlham Əliyevin təbrik məktubunda da qeyd edildiyi kimi, gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən gənc nəsildir".
"Təsadüfi deyil ki, qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir" - o, əlavə edib:
"Hətta Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərlərinə düşən yükü şərəflə daşıyırlar.
Müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsində qadınlarımızdan gözləntilər daha çoxdur. Belə ki, Prezident İlham Əliyevin təbrik məktubunda da vurğulandığı kimi, əminik ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər. Təbii ki, Azərbaycan qadını bu missiyanın da öhdəsindən gələcək".