Abşeronda yanacaqdoldurma məntəqəsində qəza olub, yanacaq ətrafa dağılıb
Abşeron rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yol-nəqliyyat qəzası baş verib, dizel yanacağı ətrafa dağılıb.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində qoşqusunda tutumu 37 ton dizel yanacağı olan “MAN” markalı yanacaqdaşıyan avtomobil ilə “KAMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacaqdaşıyan yük avtomobilinin çəninin zədələnərək dizel yanacağının ətrafa dağıldığı, məntəqə üçün ciddi təhlükənin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər ərazidə mümkün yanğın-partlayış təhlükəsini aradan qaldırıblar.