Kamran Əliyev Rusiya Baş prokurorunun müavini ilə görüşüb
Kamran Əliyev Rusiya Baş prokurorunun müavini ilə görüşüb.
Bu barədə 1news.az-a Baş Prokurorluqdan bildirilib.
Rusiya Federasiyası Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçirilən Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin strateji xarakter daşıdığını, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.
Baş prokuror digər sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və elm-tədris sahələrində son illər ərzində effektiv işbirliyinin olduğunu diqqətə çatdırıb.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.
Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Pyotr Qorodov iki ölkə arasında, həmçinin iki dost və tərəfdaş dövlətin prokurorluqları arasında uzunmüddətli sıx əlaqələrin nümunəvi xarakter daşıdığını bildirib. Aprelin 4-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün vacibliyini vurğulayaraq bu formatın qarşılıqlı səmərəli fəaliyyətin davam etdirilməsinə tövfə verəcəyinə əminlik ifadə edib.
Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.