“IDEA” Sabunçuda yeni “Bizim Həyət”in açılışını edib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş növbəti “Bizim həyət” sakinlərin istifadəsinə verilib.
1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94-cü məhəllə, ev 3, ev 1/1, ev 2/7 ünvanlarında 820 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
Qeyd edilib ki, “Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 3 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 219 ədəd müxtəlif növ ağaclar, 5500 ədəd kol və 2000 ədəd mövsümü güllər əkilib, 2050 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən 1200 ədəd adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.