Sədr: Azərkosmos iqlim dəyişikliyinin kosmosdan ölçülməsi ilə bağlı ilk dəfə xüsusi elektron platforma hazırlayıb
“İqlim dəyişikliyinin izlənilməsində kosmos, kosmik texnologiyalar ən əsas vasitələrdən birinə çevrilib”.
1news.az xəbər verir ki, bunu "İqlim dəyişikliklərinə kosmik baxış" adlı tədbirdə Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, hazırda dünya üzrə 160-dan çox kosmik aparatda iqlim dəyişikliyinin ölçülməsi üçün cihazlar var. Həmçinin iqlim dəyişikliyi ilə bağlı məlumatların 60 faizdən çoxu məhz kosmosdan alınır.
“Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos iqlim dəyişikliyinin kosmosdan ölçülməsi ilə bağlı ilk dəfə xüsusi elektron platforma hazırlayıb. Elektron platformanın əsas informasiya mənbəyi “Azersky” peyki olub. “Azersky” peyki fəaliyyətdə olduğu müddətdə ölkəmizlə bağlı çox qiymətli məlumatlar toplaya bilmişik. Bu il ölkəmizdə keçiriləcək "COP-29" tədbiri baxımından ümid edirik ki, bizim elektron platforma "COP-29" tədbirinin uğuruna yardımçı olacaq.Həmçinin açılan məlumatlar iqlimlə, su ehtiyatları ilə, Xəzər dənizi ilə bağlı araşdırma aparan tədqiqatçılarımız, alimlərimiz, gənclərimiz, tələbələrimiz üçün analitika,statisika, proqnozlaşdırma üçün önəmli vasitə olacaq”.