İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi
İstehsal ilə məşğul olan KOB subyektlərinin inkişafına dəstək məqsədilə bu ilin mart ayında daha bir dəstək mexanizminin tətbiqinə başlanılıb.
1news.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) sahibkarların istifadəsinə verilmiş KOB Model Müəssisəsinin işi, biznes üçün faydası barədə suallarımızı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) şöbə müdiri Elməddin Hacıyev cavablandırıb.
- Model müəssisə nədir?
- Model müəssisə - kiçik və orta sənaye müəssisələrinin səmərəli və rəqabətqabiliyyətli olmasına imkan verəcək qənaətli idarəetmə üsullarına əsaslanan tədris və təcrübə mərkəzidir. Model müəssisənin məqsədi yalnız müəssisələrdə səmərəli və qənaətli istehsalın təşviqi deyil, həm də mümkün qədər çox kiçik və orta biznes subyektlərini təlim və layihələrin həyata keçirilməsi sahəsində məsləhət dəstəyi ilə təmin etməklə qənaətli transformasiya prosesinin genişləndirilməsidir. Bu istiqamətdə model müəssisə tədris-təcrübə mərkəzi kimi fəaliyyət göstərir. Model müəssisənin imkanlarından faydalanan KOB subyektlərinin mühəndisləri və texniki heyəti qənaət üsullarını təcrübə əsnasında öyrənir və bu metodları öz şirkətlərində tətbiq edirlər. Bu isə həm işçilərin, həm də şirkətin məhsuldarlıq və rəqabətqabiliyyətlilik üzrə bacarıqlarını artırır.
Bu ilin mart ayında Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyətə başlamış KOB Model Müəssisə də eyni məqsədlə yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış KOB Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. “Görmə, eşitmə və icra etmə” konsepsiyası əsasında fəaliyyət göstərən Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da nəzəri biliklərin təcrübədə sınaqdan keçirilməsinə, müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir.
- Model müəssisələrin digər mərkəzlərdən fərqi nədir?
- Model müəssisənin biznesin səmərəliliyini və rəqabətqabiliyyətini artırmaq üçün formalaşdırılmış digər mərkəzlərdən əsas fərqi onların tədbiqi təcrübə əsasında öyrənmə üsullarından istifadə etməsidir. Burada nəzəriyyə və praktiki tədris proqramının birləşdirilməsi nəticəsində bilik və səriştə qazanılmasının qalıcı olması hədəflənir. Model müəssisədə tədris olunan nəzəri və praktiki təlimlər şirkət nümayəndələrinə öyrəndiklərini real iş mühitində tətbiq etmək imkanı verir.
- Model müəssisənin təlim və proqramlarından sahibkarlar hansı faydanı əldə edirlər?
- Model müəssisədə tədris olunan təlim proqramı bir neçə moduldan ibarət olmaqla, qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması və s. mövzuları əhatə edir. KOB Model Müəssisənin təlimçiləri tərəfindən “Kaizen”, “Six Sigma”, “5S”, “ΚΡΙ-ΚΑΙ” və s. kimi strategiya və modellərə dair mövzular tədris olunur və tətbiqi sınaqdan keçirilir.
Aydın təsəvvürün formalaşması üçün KOB Model Müəssisəsində tədris olunan bir sıra mövzular üzərində dayanmaq istərdim. Məsələn, mərkəzdə 5S strategiyası tədris olunur. Bu strategiya iş yerinin səmərəliliyini artıran və tullantıların aradan qaldırılmasına kömək edən istehsal alətidir. 5S-ə daxil olan hər bir element müəssisədə işin gecikməsi və ya planlaşdırılmamış vaxt itkisi səbəbindən məhsuldarlığın azalmasının qarşısını alır.
Mərkəzdə sahibkarlara “Six Sigma” da tədris olunur. Bu, prosesin dəyişkənliyini azaltmaq və şirkət tərəfindən təqdim olunan məhsul və ya xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan metodoloji yanaşma və davamlı təkmilləşdirmə strategiyasıdır. Bu strategiyanın tətbiqinin dünyanın bir çox şirkətində keyfiyyətin yaxşılaşdırılması, xərclərin azaldılması və müştəri məmnuniyyətinin artırılmasında effektivliyi sübut edilib.
Və ya “Kaizen” sistemini götürək. Bu sistemin mahiyyəti istehsalat sektorunda xətaları azaltmaq, itkiləri aradan qaldırmaq, məhsuldarlığı artırmaq, işçiləri məqsədli olmağa və hesabat verməyə həvəsləndirmək, yenilikləri tətbiq etməkdir.
KOB Model Müəssisədə təlim və praktiki tədbiq vasitəsilə istehsal müəssisələrinə yalın istehsal və onun alətlərinin öyrədilməsi ilə yalın istehsal mədəniyyətinin əsası da qoyulur. Bununla da bütün işçilərə problem həll etmə mədəniyyəti aşılanır, məhsul və xidmətlərin formalaşdırılması prosesində itkilər aradan qaldırılır, təklif olunan dəyər azaldılmaqla şirkətin gəlirliliyi artır. Yalın istehsal vasitələrindən biri olan “Poka-yoke” texnikası da model müəssisədə tədris olunan üsullardandır. Bu üsulun tətbiqi müəssisədə səhvlərin qarşısını əvvəlcədən almağa, beləliklə də qüsurlu məhsulların miqdarının azalmasına və müştəri məmnuniyyətinin yüksəlməsinə imkan verir.
Təlimləri uğurla tamamlamış və müvafiq biliklərə yiyələnmiş şirkət nümayəndələrinə sonrakı mərhələlərdə də Model Müəssisənin heyəti və təlimçiləri tərəfindən dəstək davam etdirilir.
- Təlimçilər kimlərdir?
- Model müəssisədə təlim və məsləhət xidmətləri bu proses üçün cəlb olunmuş xüsusi komanda tərəfindən həyata keçirilir. Ancaq qarşıdakı dövrdə prosesə AzTU-nun akademik heyəti, iş dünyasının təcrübəli ekspertlərinin cəlb olunması da nəzərdə tutulur.
Praktiki təlimlər model müəssisənin təlim zallarında və istehsal sahəsində keçirilir. Əlavə təlim və məsləhət xidmətləri isə müəssisələrin öz sahələrində təşkil olunur.
- İndiyədək nə qədər sahibkar KOB Model Müəssisənin imkanlarından faydalanıb?
- Fəaliyyətə başladığı gündən indiyədək sənaye sahəsində fəaliyyət göstərən 20 sahibkar və ya onların əməkdaşları model müəssisənin imkanlarından faydalanıblar.
- KOB Model Müəssisənin fəaliyyətindən gözlənilən nəticələr nələrdir?
- Qeyd etdiyimiz kimi model müəssisə digər konsultasiya modellərdən və nəzəri təlimlərdən fərqli olaraq tərkibində praktiki öyrənmə prosesini ehtiva edir. Məşhur filosof Konfutsinin dediyi kimi, “Mənə desən unudaram, mənə öyrətsən xatırlayaram, məni işə cəlb etsən öyrənərəm” sözlərinə uyğun olaraq, model müəssisə də bütünləşmiş tətbiqi tədris metodologiyasını dəstəkləyir.
İştirakçı şirkət nümayəndələri öyrəndiklərini dərhal sonra müəssisədə tətbiq edirlər. Onlar model fabrik mentorlarının nəzarəti altında öz bizneslərində yalın istehsal alətləri və ya əməliyyat səmərəliliyi alətlərini tətbiq etməklə səriştəli şəxslərə çevrilirlər. Praktiki öyrənmə prinsiplərinə əsaslanan KOB Model Müəssisə insanların təcrübi öyrənmə səriştələrini davamlı edərək uzunmüddətli perspektivdə onların bacarıqlarını və nailiyyətlərini artırmasını hədəfləyir.
- Model Müəssisənin xidmətləri ödənişlidirmi?
- KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər, o cümlədən təlim, məsləhət xidmətləri ödənişsizdir. Qeyd etdiyimiz kimi KOB Model Müəssisə sahibkarlara dəstək məqsədilə yaradıldığı üçün biznes subyektlərindən heç bir ödəniş tələb olunmur.
- KOB Model Müəssisəsinin imkanlarından kimlər istifadə edə bilər və bunun üçün hara müraciət etmək lazımdır?
- Model müəssisənin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri istehsalat ilə məşğul olmalı, istehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyində olmalıdırlar.
KOB Model Müəssisənin imkanlarından faydalanmaq istəyən sahibkarlar KOBİA-ya, eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət etməlidir. KOBİA-ya daxil olan müraciətlər müvafiq bazaya əlavə edilir və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq mərhələli şəkildə təlimlərə cəlb olunurlar.
Model Müəssisə tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər.