Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb
“Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Azərbaycan faktiki olaraq bölgədə konfrontasiya geosiyasi xəttini sındıraraq regionu əməkdaşlıq və təhlükəsizlik geosiyasi müstəvisinə çıxarıb. Bunun tarixi, siyasi, sosial, mədəni, iqtisadi və hərbi-strateji nəticələri özünü göstərməkdədir. Dövlətimizin yaratdığı reallıqlar ondan ibarətdir ki, Cənubi Qafqaz bundan sonra ziddiyətlər, münaqişələr yox, sülh və əməkdşalıq məkanına çevrilsin. Azərbaycanla Türkiyənin siyasəti məhz bu istiqamətdədir. Digər tərəfdən, dövlətimiz işğaldan azad edilmiş ərazilərimizi ən müasir formada bərpa edir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşa şəhərində ilk yaşayış kompleksinin açılışı və sakinlərin doğma yurda qayıdışı da buna nümunədir”. Deputat bildirib ki, dövlətimizin başçısı Şuşaya qayıdan ilk sakinlərlə görüşü zamanı həyata keçirilən bərpa-quruculuq işləri, regionda sülh prosesi haqda fikirlərini ifadə edib, eləcə də sülh imkanlarını pozmaq istəyən dairələrə mesajlar verib. Məlumdur ki, bəzi beynəlxalq güclər, məsələn Fransa, ABŞ və başqaları Azərbaycanın qələbəsi, yaratdığı reallıqlarla barışmaq istəmirdilər. Bu ölkələrin səfirləri Qarabağın incisi Şuşaya səfərdən imtina edirdilər. Amma bir neçə gün öncə ABŞ-ın səfiri Şuşaya səfər etdi. Bu kimi faktlar təsdiqləyir ki, bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyə məcburdur. Amma bu gün bölgənin inkişafı, yeni reallıqların formalaşması, siyasi-iqtisadi münasibətlər sisteminin qurulması Azərbaycanın iradəsindən asılıdır. Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşündə bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik: “Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”.
Millət vəkilinin sözlərinə görə, hazırda sülh prosesinin aktiv müzakirəsi aparıldığı, Azərbaycanla Ermənistanın müvafiq delimitasiya komissiyalarının razılaşmalar əldə etdiyi bir zamanda bəzi xarici qüvvələr müəyyən təxribatlara cəhd göstərirlər. Başda Fransa olmaqla bəzi dairələr Cənubi Qafqazda qeyri-sabit siyasi vəziyyət yaratmaq arzusu ilə addımlar atır və bu addımların effektivliyini artırmaq üçün bir sıra qaranlıq məsələlərə baş vururlar. Ermənistanın silahlandıırlması da bu məqsədə xidmət edir. Amma Ermənistandakı baş qaldırmış revanşist qüvvələr və onları himayə edənlər unutmamalıdır ki, “dəmir yumruq” hər zaman yerindədir. Prezident İlham Əliyev görüş zamanı həmin qüvvələrə bir daha xəbərlıq edərək deyib: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz”.
“Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bölgədə dövlətimizin iradəsindən kənar hər hansı planın həyata keçirilməsi qeyri-mümkündür. Ona görə də, Ermənistan anlamalıdır ki, sülhə gəlməkdən başqa alternativi yoxdur”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.