ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcək
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
1news.az Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda Cəmiyyətin kənar auditorunun 2023-cü il üzrə həyata keçirilmiş audit prosedurlarının nəticələrinə dair təqdimatı və Cəmiyyətin İdarə Heyətinin qeyd olunan dövr üzrə konsolidə edilmiş maliyyə hesabatlarına dair təqdimatı dinlənilib.
Geniş müzakirələrin ardınca konsolidə edilmiş maliyyə hesabatları Müşahidə Şurası tərəfindən məqbul hesab olunub.
İclasda ASCO-nun 2023-cü il üzrə idarəetmə hesabatı və Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar verilib.
İclasda həmçinin Cəmiyyətin donanmasının yenilənməsi, bazar konyunkturasından, eləcə də qlobal iqlim dəyişiklikləri fonunda dekarbonlaşma və “yaşıl artım” çağırışlarından irəli gələrək ASCO-nun gələcək fəaliyyət prioritetlərinin müəyyən edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.