Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir
Qürurla qeyd edirəm ki, bu gün Azərbaycanın gözəl guşəsi olan, dəmirağacın məskəni sayılan Lənkəran rayonunda Çexiya-Azərbaycan xalqlarının dostluq rəmzinə çevrilən “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir.
İlk dəfə burada 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 100 dəmirağacı əkdik. Bu il də böyük həvəslə “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanda keçiriləcək COP29 çərçivəsində “Dəmirağacı parkı”nın genişləndirilməsi işlərini davam etdirərək aprel ayında daha 101 ağac əkdik.
Bunu Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanda insanların təbiətə olan sevgisi, ağac əkmək istəyənlərin bu qədər çox olması, böyük coşqu ilə belə tədbirlərdə iştirak etmələri məni çox sevindirir. Düşünürəm ki, ağacəkmə tədbirinin hər il davam etməsi "Dəmirağacı parkı"nın daha da genişlənməsinə, ətraf mühitin qorunmasında birgə əməkdaşlığımızın güclənməsinə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə vəsilə olacaq”.
Diplomat bildirib ki, "Dəmirağacı parkı"nın salınmasında səfirliyin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, tələbələr və rayon ictimaiyyəti yaxından iştirak edib. Sevindiricidir ki, birgə ərsəyə gətirdiyimiz dəmirağacı parkında ağacların bitiş faizi 100 %-dir.
"Əminəm ki, illər sonra saldığımız dəmirağacı parkı böyük bir meşəyə çevriləcək və xalqlarımızın daha bir dostluq rəmzi kimi yadda qalacaq. Mən bunu, Azərbaycanda ətraf mühit və yaşıllaşdırma sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərə töhfə hesab edirəm və böyük bir uğur kimi qiymətləndirirəm".
Səfir onu da qeyd edib ki, "Dəmirağacı parkı"nın salınması ilə yanaşı, Azərbaycanda ekoturizm fəaliyyətinin daha müasir standartlara uyğun qurulması məqsədilə 2019-cu ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə səfirliyin əməkdaşlıq proqramı çərçivəsində Hirkan Milli Parkında turizm cığırının “çex modeli” üzrə nişanlanması tədbiri də həyata keçirilib və turist marşrutları yeni nişanlarla tənzimlənib.
Səfir Milan Sedlaçek onu da qeyd edib ki, ətraf mühitin mühafizəsi ilə bağlı əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək və iki xalq arasındakı dostluğun ömrü dəmirağacı kimi uzunömürlü və möhkəm olacaq.