Əməkdar jurnalist: “Seçki təşviqatı prosesində yeni elementlər görünür”
“Diqqət yetirəndə görürük ki, namizədlər təşviqat kampaniyasını ənənəvi media ilə yanaşı, həm də sosial media üzərindən aparırlar”.
1news.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar jurnalist, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.
"Sosial medianın imkanlarından geniş istifadə olunması bu seçkinin yeni elementlərindən biridir. Bu, özlüyündə müsbət tendensiyadır, Azərbaycanda alternativ fikir platformalarının inkişaf etdiyini göstərir. Amma bu kontekstdə müzakirə edilib dəyərləndirilməli başqa məqamlar da var. Ənənəvi mediada seçki təşviqatının aparılması qanunla tənzimlənir. Media da, namizədlər də hüquq və vəzifələrini bilirlər. Sosial mediada isə təşviqat kampaniyasının aparılmasının hüquqi əsasları tam formalaşmayıb. Düşünürəm ki, bundan sonrakı seçkilərə qədər bu məsələyə nəzər yetirilməlidir ”.
İlham Quliyev indiki parlament seçkilərinin Azərbaycan xalqı üçün tarixi önəm daşıdığını da diqqətə çatdırıb: “Ölkəmiz öz ərazi bütövlüyünü təmin edəndən sonra ilk dəfədir qanunverici orqana seçkilər keçirilir. İşğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək. İşğaldan azad edilmiş ərazilərdə namizədlərin seçicilərlə çox sıx şəkildə iş apardıqlarının şahidi oluruq”.