Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıb
Misirin paytaxtı Qahirə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) tərəfdaşlığı, Misirdəki Britaniya Universiteti, BMT-nin İnkişaf Proqramının (UNDP) Misirdəki nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə COP29 Simulyasiya Konfransının açılış mərasimi keçirilib.
1news.az xəbər verir ki, Misirdəki Britaniya Universitetində baş tutan və 40 ölkədən 130-dan çox nümayəndənin iştirak etdiyi konfransda gənclərdən ibarət nümayəndə heyəti ölkəmizi təmsil edir.
Konfransda açılış nitqi ilə çıxış edən Misirdəki Britaniya Universitetinin Strateji İnkişaf üzrə direktoru və Strateji İnkişaf Məqsədləri üzrə universitet məsləhətçisi Sara Əl-Kişin və universitetin təlim və tədris üzrə prorektoru, professor Katerina Harper qonaqları salamlayıb və konfransın keçirilməsinin önəmindən danışıblar.
Daha sonra açılış mərasimində Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qәdir Xәlilovun çıxışı dinlənilib. O bildirib ki, ölkəmizdə hər zaman təbiət və ətraf mühitin qorunması diqqət mərkəzində olub. Q.Xəlilov qeyd edib ki, bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Vurğulanıb ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Ölkəmizin beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi olduğunu vurğulayan Q.Xəlilov, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın göstəricisi olduğunu qeyd edib. Həmçinin Q.Xəlilov gənclərin COP29 Simulyasiya Konfransında fəal iştirakının önəmini vurğulayaraq qəbul olunacaq qərarların ətraf mühitin qorunmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
Daha sonra UNDP-nin İnklüziv İnkişaf və İnnovasiya üzrə Misirdəki Rezident Nümayəndəsinin köməkçisi Aber Şakver və COP29 Simulyasiya proqramının bölmə rəhbərlərinin çıxışları dinlənilib.
Çıxışlar zamanı iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, su böhranı və digər aidiyyəti məsələlərin müzakirəsi aparılıb. Eyni zamanda, sözügedən mövzuların qlobal təsirləri barədə danışılıb.
Qeyd edək ki, 7-9 oktyabr tarixlərini əhatə edən konfrans panel müzakirələri formatında davam edəcək. Dünyanın müxtəlif ölkələrindən olan gənclərin iştirakı ilə baş tutan müzakirələrdə gələcəkdə dayanıqlı inkişafın təmin edilməsinə yönələn innovativ həllərə dair araşdırmaların nəticələri barədə təqdimatlar ediləcəkdir.