Cozef Bayden İlham Əliyevə məktub göndərdi: “Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib.
1news.az məlumatına görə, bu barədə ABŞ Prezidetinin azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubda bildirilib.
Bayden bildirib ki, sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək.
"Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm", - ABŞ Prezidenti vurğulayıb.