“Azərbaycanın qazandığı qələbə separatçılıqdan əziyyət çəkən hər bir coğrafiya üçün ümid işığı yaradır” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanın qazandığı qələbə separatçılıqdan əziyyət çəkən hər bir coğrafiya üçün ümid işığı yaradır” - ŞƏRH

Ayşən İsmayılova12:40 - 07 / 11 / 2024
“Azərbaycanın qazandığı qələbə separatçılıqdan əziyyət çəkən hər bir coğrafiya üçün ümid işığı yaradır” - ŞƏRH

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!

Şuşa bizimdir! Qarabağ bizimdir!”

Prezident İlham Əliyevin həsrətlə ekrana dikilən gözlərə sevinc, vüsala susayan qəlblərə həyat eşqi bəxş edən bu müjdəli çıxışının üzərindən artıq 4 il ötür.

Bəs düşmən tapdağından xilas edilməsinin 4-cü ildönümünü qeyd edən torpaqlarımızda həyat necə davam edir? Bu müddət ərzində Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər və onların dünyaya çatdırılması ilə bağlı hansı işlər görülüb? Ümumiyyətlə, Ermənistan sülhlə bağlı hansı addımlar atmalıdır?

Milli Məclisin deputatı Elman Nəsirov 1news.az-a açıqlamasında bildirib ki, xalqımız böyük qürur və fərəh hissi ilə tarixi zəfərimizin 4-cü ildönümünü qeyd etməyə hazırlaşır.

“Doğrudan da, bu qələbənin miqyası o qədər böyükdür ki, cənab prezidentin dediyi kimi çox dərin layları hərəkətə gətirib. Bu gün beynəlxalq idarələrdə ermənipərəst siyasi dairələrin yuxusuna haram qatılıb ki, necə oldu, Azərbaycan 30 il dondurduğu münaqişəni 44 gün ərzində həll edə bildi? Eyni zamanda da, keçən il Antiterror əməliyyatı həyata keçirib ərazi bütövlüyü və suverenliyini tam və qəti şəkildə bərpa edə bildi. Bütün bizə olan təzyiqlər özü bir göstəricidir ki, Azərbaycan Ali Baş Komandanı cənab İlham Əliyev və onun formalaşdırdığı yenilməz ordu və xalqımız misli-bərabəri olmayan bir qələbəyə imza atıb. Yəni bu qələbənin əslində 3 qəhrəmanı var”.

O, xatırladıb ki, sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan silahlı qüvvələri müharibəyə başladı və nəticədə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, doğrudan da, tarixi nailiyyət idi. 4 il bundan öncə qazandığımız zəfər ilə həm erməni terrorizminə ölümcül zərbə endirdik, həm onların qondarma ideologiyasını alt-üst edib tarixin zibilliyinə atdıq, həm də zəfərimizlə beynəlxalq hüququn keşiyində dayandıq və tarixi ədaləti bərpa etmiş olduq.

“Cənab prezident qazanılmış qələbəmizdən bəhs edərkən söylədi ki, qarşımızda yeni hədəflər var. Bu ilk növbədə Azərbaycanın güclü hərbi potensialı ilə bağlı məsələdir. Biz hər zaman güclü olmalıyıq. Doğrudan da, əgər 21 il bundan qabaq 135 milyon dollarlıq hərbi büdcəmiz var idisə, 2024-cü ildə 7.1 milyard manat olub. 2025-ci ildə də hərbi büdcəmizin artırılması gözlənir ki, bu da 8.4 milyard manat civarında proqnozlaşdırılır. Eyni zamanda, növbəti hədəfimiz hərbi-sənaye kompleksimizi daha da möhkəmləndirməklə bağlıdır. Ölkəmizdə mindən çox adda hərbi təyinat məhsulları istehsal olunur. Hərbi zavodlarımızın sayı 21-dən çoxdur. Həm də dünyanın silah sərgilərində Azərbaycan silahı keyfiyyəti ilə seçilir”.

E. Nəsirov söyləyib ki, bizim əsas hədəflərimizdən biri də Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır.

“Azərbaycan 5 baza prinsipini Ermənistana təqdim edib. Bununla yanaşı, sülh müqaviləsinin layihəsini də təqdim etmişik. Təkliflər mübadiləsi də həyata keçirilib. Azərbaycan bütün bəndlər üzrə razılaşdırılmış sülh imzalanmasının tərəfdarıdır. Bizə yarımçıq sülh lazım deyil. Məsələlərin 20%-nin həllini tapmamağı və gələcək nəsillərə qalmağı bizə lazım deyil. Cənab prezident də qeyd edir ki, sülh müqaviləsinin hər bir bəndi bizim üçün əhəmiyyətlidir. Burada əhəmiyyətli və əhəmiyyətsiz bəndlər yoxdur”.

Deputat son olaraq COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən də bəhs edib:

“Azərbaycan COP29-a da ev sahibliyi edəcək. Bu həm də sülh prosesinin tərkib hissəsidir. Çünki məhz elə sülh prosesi nəticəsində Ermənistan Azərbaycan namizədliyinin lehinə səs vermiş oldu. Bu da bir həqiqətdir”.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov isə Azərbaycanın 8 noyabrda Şuşaya qələbə bayrağını sancması və bundan sonrakı dövrdə Xankəndidə keçirdiyimiz antiterror əməliyyatlarının təkcə ölkə tarixi baxımından deyil, cənubi Qafqazın gələcəyi baxımından da böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:

“Azərbaycanın qazandığı qələbə həm də dünyada separatçılıqdan əziyyət çəkən hər bir coğrafiya üçün ümid işığı yaradır və Azərbaycanın qələbəsindən sonra bəlli olur ki, sülhdən başqa heç bir alternativ və çıxış yolu ola bilməz. Amma Ermənistan tərəfindən sülhlə bağlı verilən açıqlamalar səmimi deyil. Ermənistan bu gün həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yalan məlumatlar çatdıraraq guya Ermənistanın sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Amma aparılan siyasət və dəst-xəttdən də görünür ki, Ermənistanın sülhlə bağlı mövqelərində niyyətləri əsla dürüst ola bilməz. Çünki Ermənistan dürüst olsaydı, azərbaycanlılara qarşı törədilmiş cinayətləri etiraf edərdi. Eyni zamanda, sülh və insanlıq əleyhinə bir çox vandalizm aktları həyata keçirib ki, bu günə qədər hazırkı Paşinyan hakimiyyəti törədilən bu cinayətlərin heç birinə görə təəssüf hissi keçirdiyini vurğulamayıb, üzrxahlıq etməyib”.

Ekspert qeyd edib ki, Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmağa çalışmaq üçün erməni lobbisinin pullarından istifadə edərək xarici siyasətçiləri, konqresmenləri, vicdanını itirən senatorları ələ almaq siyasəti də onu göstərir ki, Ermənistan dünya ictimaiyyətini dezinformasiyalarla aldatmağa çalışır.

“Hər halda Azərbaycan mediası və vətəndaş cəmiyyəti də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində bir an olsun belə geri durmamalıdır. Biz də təbliğat, təşviqat prosesini çox fəal və sürətli şəkildə davam etdirməliyik. Eyni zamanda, Ermənistan Azərbaycan ərazilərinə qarşı olan dövlət sənədlərində olan iddialardan əl çəkməli və Azərbaycana qarşı edilən cinayətləri etiraf etməlidir. Bütün bunlar olduqdan sonra biz Ermənistanın sülhlə bağlı mövqelərində səmimi olduğunu söyləyə bilərik”.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik!

Müəllif: Ayşən İsmayılova

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər