Rəssam Nərmin Nəcəfin yeni sərgisi işinə başlayıb - FOTO
14 dekabrda rəssam Nərmin Nəcəfin rəsm əsərlərindən ibarət sərgi açılıb.
"Göyrəngli ovqat" adlanan sərgidə Bakıya həsr olunmuş "İşıq" seriyası, eləcə də "Kəlağayı", "Nar" seriyası və digər rəsm əsərləri ziyarətçilərə təqdim olunub.
Əsərlərində göy rəngin arzular, ucalıq və harmoniyanı ifadə etdiyi bildirən rəssam göy rəngin çalarlarının insanların daxili dünyasını zənginliyini əks etdirdiyini və əsərləri üçün ilham mənbəyi olduğunu qeyd edib.
Rəssamın əsərlərində milli koloritə müasir baxış əks etdirilir və Azərbaycan mədəniyyəti və mədəni irs nümunələri rənglər və obrazlarla çatdırılır.
Qeyd edək ki, Nərmin Nəcəf "Röyalar dünyası" adlı rəssamlıq məktəbinin yaradıcısı və rəhbəridir. Peşəkar yaradıcılığa ilk dəfə 2021-ci ildə Türkiyədə keçirilmiş fərdi sərgisi ilə başlamış rəssamın sonrakı fərdi sərgiləri Bakı, Minsk və Moskvada təşkil edilib. Nərmin Nəcəfin, həmçinin Marmaris, Praqa və London kimi şəhərlərdə keçirilən sərgilərdə əsərləri nümayiş etdirilib.
"Göyrəngli ovqat" sərgisi 24 dekabr tarixinədək "Leyla Khazary ArtGallery" qalereyasında davam edəcək.