Ruslan Xəlilov: “İnvestorlar üçün ticarət platforması və texnoloji həllərin asanlaşdırılması əsas prioritetlərimizdən biri olacaqdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ruslan Xəlilov: “İnvestorlar üçün ticarət platforması və texnoloji həllərin asanlaşdırılması əsas prioritetlərimizdən biri olacaqdır”

10:00 - Bu gün
Ruslan Xəlilov: “İnvestorlar üçün ticarət platforması və texnoloji həllərin asanlaşdırılması əsas prioritetlərimizdən biri olacaqdır”

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovla müsahibə:

- Ruslan bəy, 2024-cü ilin yekunlarını Azərbaycan kapital bazarı və Bakı Fond Birjası üçün necə xarakterizə edərdiniz?

- Fikrimcə 2024-cü il Azərbaycan kapital bazarları üçün olduqca uğurlu il oldu. İlin əvvəlində öncə Azərbaycan Mərkəzi Bankı kapital bazarlarının inkişafı üzrə öz strategiyasını ictimaiyyətə açıqladı. Bunun ardınca biz Bakı Fond Birjası olaraq öz üç illik inkişaf strategiyamızın və yeni brend kimliyimizin təqdimatını həyata keçirdik. Qısaca xatırlatmaq yerinə düşər ki, BFB -nin inkişaf strategiyası borc və səhm kapital bazarlarının inkişaf etdirilməsi yönümündə yeddi əsas təşəbbüsü əhatə edir. Bu təşəbbüslər korporativ sektorun istiqraz emissiyalarının həcminin artırılması, maliyyə savadlılığının inkişaf etdirilməsi və ilkin kütləvi təkliflərin təşviq edilməsi kimi mühüm işlərin aparılmasını hədəfləyir.

Bu il Azərbaycan kapital bazarında ilk olaraq Azərbaycan Beynəlxalq Bankının səhmlərinin ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsi həyata keçirildi. Yerləşdirmə nəticəsində 33 000 dən çox investor bankın səhmdarına çevrildi. Həmçinin kapital bazarlarında ilk olaraq səhmlərin ikinci bazarda elektron üsulla ticarəti təmin olundu.

Dövlət qiymətli kağızları bazarını nəzərə almasaq korporativ borc kağızları-istiqraz bazarında ilin ilk üç rübünün sonuna ümumi həcmi 500 mln manatdan çox olmaqla 46 dan çox emissiya baş tutmuşdur. Müqayisə üçün eyni göstəricilər 2023-cü ilin sonuna 213 milyon manat və 26 emissiyanı əhatə etmişdir.

Bakı Fond Birjası həmçinin bir çox regional birjalarla əməkdaşlıqlarını möhkəmləndirməkdə davam etmişdir. İl ərzində Ümumdünya Birjalar Assosiasiyası və Beynəlxalq Birjalar Assosiasiyasının illik yığıncaqlarında iştirak edilmiş, təcrübə-bilik mübadilələrinin aparılması üzrə danışıqlar aparılmışdır. Qeyd etmək istərdim ki, BFB Ümumdünya Birjalar Assosiasiyasının tam hüquqlu üzvlüyünə qəbul olunmaq üçün işləri başlatmışdır və növbəti ilin ilk aylarında tam üzvlüyə qəbul olunması gözlənilir. Həmçinin regional birjalarla İstanbul, Özbəkistan, Qazaxstan, BƏƏ, Çin, Böyük Britaniya və Avropa Birliyi ölkələrinin bir çox birjaları ilə təcrübə mübadiləsinin aparılması və kapital bazarlarının inkişaf etdirilməsində birgə təşəbbüslərin göstərilməsi kimi bir çox məsələlərin müzakirəsinə başlanılmışdır. BFB hal-hazırda bir sıra regional birjalarla ticarət platformalarının əlaqələndirilməsi imkanlarını araşdırır.

- Yerli səhm bazarındakı aktivliyi necə qiymətləndirirsiniz?

- Azərbaycan Beynəlxalq Bankının ilkin kütləvi emissiyası səhm bazarını kifayət qədər canlandırmışdır. İkinci bazar üzrə səhm ticarətinin həcmi orta hesabla ilkin həftələrdə 100 000 AZN ətrafında dəyişmişdir. İlkin emissiya ilə müqayisədə volatil qiymət dəyişikliyi müşahidə olunmur. Fikrimcə, növbəti illərdə baş tutacaq səhm emissiyaları ikinci bazar ticarət dövriyyəsini daha da artıracaqdır. BFB səhm ticarət platformasının kapital bazarında əməliyyat aparmaq lisenziyası olan bankların və investisiya şirkətlərinin müştəri tətbiqlərinə qoşula bilməsi üçün bütün texniki hazırlıqları başa çatdırmışdır. Bu il ərzində iki investisiya şirkəti öz mobil tətbiqlərinin birja platforması ilə qoşulmasını tamamlamışdır. Növbəti il üçün bir sıra digər şirkətlərin qoşulmalarının tamamlanması planlaşdırılır. Bu həm də həmin şirkətlərin ticarət sisteminin və mobil tətbiqlərinin qoşulmaq hazırlığından çox asılıdır. Bu cür texniki qoşulmalar tamamlandıqca səhm bazarının əlçatanlığının artacağı və dövriyyəyə müsbət təsir göstərəcəyi də istisna edilmir.

- 2025-ci il üçün Bakı Fond Birjası hansı yenilikləri həyata keçirməyi planlaşdırır?

- Hal-hazırda ticarət platformasının funskionallığının daha da artırılması və investor hesabatlılığı və istiqraz bazarı üzrə elektron qoşulmanın həyata keçirlməsi üzrə işlər aparılır. Fikrimcə, investorlar üçün ticarət platforması və texnoloji həllərin asanlaşdırılması və birjanın texnoloji sistemlərinin təkmilləşdirilməsi əsas prioritetlərdən olacaqdır.

Eyni zamanda BFB-nin kommersiya bloku bazar iştirakçıları və potensial emitentlərlə əlaqələrin inkişafı, kapital bazarları üzrə savadlılığın və məlumatlılığın artırılması istiqamətində bir çox tədbirlərin keçirilməsi üzərində çalışır. Məqsəd həm istiqraz həm də səhm bazarlarındakı dövriyyə və aktivliyin artırılmasıdır.

Qeyd etdiyim kimi biz həmçinin bir çox regional birjalarla əlaqələrin yaradılmasında maraqlıyıq. Bu cür əlaqələr ilk olaraq fikir və təcrübə mübadiləsi anlaşmaları ilə başlanılır və ticarət platformalarının qoşulmasının kapital bazarlarına gətirəcəyi faydalar ətraflı araşdırılır və həm birja, həm də maliyyə ekosisteminin tənzimləyici orqanı, eləcə də iştirakçılarının fikirləri alınmaqla ticarət platformalarının texniki qoşulması tamamlanır.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər