Azərbaycan hava limanları yay-yaz uçuş cədvəlinə keçir

Martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir.
1news.az aeroporta istinadən xəbər verir ki, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır.
Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər.
Avropa istiqamətində Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt, Yaxın Şərq istiqamətində Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat, Türkiyənin İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman, Mərkəzi Asiyanın Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd, Cənubi Asiyanın Dehli, Mumbay, Lahor, İslamabad, Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Əbu-Dabi, Şarja və Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx kimi digər istiqamətlərə uçuşlar həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildə optimallaşdırılıb. Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.
Yaz-yay uçuş cədvəli çərçivəsində Azərbaycanın regional hava limanlarından uçuşların sayı artırılır və yeni istiqamətlər əlavə olunur:
Yay mövsümündə uçuşlara tələbatın yüksək olacağını nəzərə alaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur. Hava limanında vaxt itkisinin qarşısını almaq və rahat səyahət etmək üçün öncədən onlayn qeydiyyatdan, eləcə də hava limanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In və Self-service Baggage Drop-Off) istifadə etmək mümkündür.
Bundan əlavə, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncə cari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədə müvafiq aviaşirkətlərin rəsmi vebsaytlarından məlumat almaları tövsiyə olunur.

