Zamanın qonağı: Saatçılıq sənəti üzrə ekspert Canfranko Ritchel və Bvlgari-nin ultranazik saatları Bakıda – FOTO

Bu günlərdə İsveçrə saat sənayesinin nüfuzlu simalarından biri olan saatçılıq sənəti üzrə ekspert Canfranko Ritchel Azərbaycanın paytaxtı Bakıya səfər edib.
Canfranko Ritchel Haute Horlogerie Fondunun idarə heyətinin üzvüdür, Cenevrə Saatçılıq Sənəti Mükafatının (Grand Prix d’Horlogerie de Genève) vitse-prezidenti olub, lüks menecmenti üzrə dərs deyir və Horopedia layihəsinə rəhbərlik edir.
İrsi saatçı ailəsində böyüyən Ritchel uşaq yaşlarından bu sənətlə məşğuldur və ona bütün qəlbi ilə bağlıdır. O, saat sahəsindəki biliklərini dörd dildə paylaşır.
Canfranko Ritchel Cenevrədən Bakıya Bvlgari-nin müştəriləri ilə görüşmək üçün gəlib, həmçinin jurnalistlərlə də görüşüb. Görüş zamanı o, saat dünyası, yeni modellər, yeniliklər və saat sənayesinin perspektivləri barədə maraqlı məlumatlar verib.
Saatçılıq sənəti üzrə ekspert Canfranko Ritchel
Tədbir zamanı Canfranko Bvlgari-ni unikal bir fenomen kimi qiymətləndirdiyini qeyd etdi. Onun sözlərinə görə, bu brend ilk növbədə zinət əşyaları markası kimi tanınsa da, məhz Bvlgari saatçılıqda cəsarətli və sürətli bir inqilab edib – elə sürətlə ki, bu barədə hələ də hər kəsin məlumatı yoxdur. O, brendin bu tərəfi barədə danışmağı xüsusilə maraqlı olduğunu hesab edir.
Hər bir saat brendinin öz fəlsəfəsi var: bəziləri dəqiqliyə üstünlük verir, Bvlgari isə – üsluba. Burada hər şey, İtalyan ənənəsinə uyğun olaraq, dizayn və estetikadan başlayır, texniki kamilliyi isə İsveçrə yüksək saatçılıq məktəbi təmin edir.
Diqqət mərkəzində son 11 il ərzində on ultranaziklik üzrə dünya rekordu qırmış Bvlgari Octo Finissimo kolleksiyası olub. Bu kolleksiyaya ən incə avtomatik kalibrlərdən tutmuş, Cenevrə Saatçılıq Mükafatının əsas mükafatını qazanmış ən nazik əbədi təqvimə qədər mürəkkəb saat mexanizmlərinə sahib modellər daxildir. Kolleksiya həmçinin turbillon və dəqiqə təkrarlayıcı ilə təchiz olunmuş modelləri də əhatə edir və 21-ci əsrin müasir saat mexanikasının ən böyük nailiyyətlərindən biri hesab olunur.
Bu saatlar səkkizguşəli, minimalist dizaynı ilə dərhal tanınır və memarlıq dəqiqliyinə malik forması ilə seçilir. 40 mm diametrli korpus və qolbaq inanılmaz dərəcədə yüngül və davamlı titan materialından hazırlanıb, səthi isə qum-şırnaqlı cilalanma texnologiyası ilə işlənib.
Sonuncu Octo Finissimo Ultra modellərində Bvlgari saatın strukturunu yenidən nəzərdən keçirir və mümkün olanın sərhədlərini aşmağa can atdığını nümayiş etdirir. Ustacasına skeletləşdirilmiş konstruksiya sayəsində mexanizmin incə mühəndisliyi göz önündə zərif bir naxış kimi açılır.
OCTO FINISSIMO ULTRA - Bakıda nümayiş olunan nadir saatların fotosu
Xüsusi diqqət Ultra adlı son modellərə yönəldilib, xüsusilə Bakıda təqdim olunan ultranazik mexaniki Octo Finissimo Ultra saatına.
Bu saatın qalınlığı – korpus və şüşə ilə birlikdə – cəmi 1,80 mm təşkil edir ki, bu da onu kredit kartından da nazik edir. Ritchelin sözlərinə görə, bu sadəcə texniki uğur deyil, mexaniki saatların quruluşuna tamamilə yeni bir baxışdır: burada hər bir detal maksimum incəlik nəzərə alınaraq dizayn edilib.
Cəmi 10 ədədlik limitli seriya şəklində buraxılmış bu modelin premyerası Roma şəhərində, Panteonun qarşısında keçirilib. Saat Cenevrə Saatçılıq Mükafatında “Cəsarətə görə” kateqoriyasında qalib olub. Model üzrə səkkiz patent qeydə alınıb – yalnız mexanizm və korpus deyil, hətta qapanma sistemi də yenidən işlənib və ultraminiatür texnologiyalar tətbiq olunub.
Ultra seriyasına həmçinin xronometr saatlar (1,7 mm) da daxil edilib – onların dəqiqliyi İsveçrənin müstəqil COSC komissiyası tərəfindən sertifikatlaşdırılıb. Aprel ayında Watches & Wonders sərgisində təqdim olunan dünyanın ən nazik turbillonu (1,85 mm) da bu kolleksiyaya daxildir.
OCTO FINISSIMO ULTRA TOURBILLON saatı (ən son yeni rekord: Skeletləşdirilmiş turbillonu cəmi 1,85 mm qalınlığında olan bir mexanizmə inteqrasiya etməklə, Roma zərgərlik evinin İsveçrə saat bölməsi bu sahənin ən simvolik mürəkkəbləşməsində öz ustalığını nümayiş etdirir.)
İnnovativ və kult modelləri təqdim edən Canfranko Ritchel vurğuladı ki, Bvlgari özündə İsveçrə saatçılıq ustalığını və italyan yaradıcılıq təxəyyülünü birləşdirir. Brendin kreativ direktoru Fabrizio Buonamassa Stigliani sadəcə dizayner deyil, saat obrazlarını kompüterdən istifadə etmədən, əllə yaradan əsl sənətkardır. Onun sözlərinə görə, Bvlgari-nin gücü – üslub ilə mühəndisliyin ahəngindədir: burada formalar texnologiyaya ilham verir, əksinə yox.
Qonaqla görüşmək və söhbət etmək üçün butikə Bakı tarixi və mədəniyyəti üzrə ekspert Fuad Axundov da baş çəkdi. O, eyni zamanda, Canfranko Ritchel üçün şəhər boyu bələdçisi idi.
Saatlar, dizayn və Bvlgari estetikasında italyan və isveçrə ruhunun unikal sintezi haqqında Canfranko Ritchel moda və üslub sahəsi üzrə ekspert, televiziya aparıcısı Ceyhun Əli ilə maraqlı fikir mübadiləsi apardı.
Azərbaycana ilk səfəri çərçivəsində Canfranko Ritchel Bakının gözəlliyindən və tarixindən, yerli həmkarlarının peşəkarlığından, saat sənətinə olan səmimi maraqdan və göstərilən qonaqpərvərlikdən dərin təəssüratla ayrıldı.
Hələ ki nadir saat modeli Octo Finissimo Ultra Bakıda nümayiş olunur – bu şah əsərə Bvlgari zərgərlik və saatçılıq evinin butikində, Əziz Əliyev küçəsi 1A ünvanında yaxından baxmaq mümkündür.
Reklam hüququnda