“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi

Rəqəmsal sənəd və məlumatların əhatə dairəsi “mygov” platformasında genişlənməyə davam edir.
1news.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə vətəndaşlar “Ailə həkimim”, “Həkim müraciətlərim” və “Laborator analiz nəticələrim” barədə məlumatlarını birbaşa mygov platformasından əldə edə bilərlər.
Əvvəllər bu məlumatlara yalnız “e-Tabib” mobil tətbiqi vasitəsilə baxmaq mümkün idisə, indi “mygov” veb portalı və mobil tətbiqi üzərindən məlumatlarla tanış olmaq olar. Beləliklə, vətəndaşlar əlavə platformalara keçid etmədən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həm icbari tibbi sığorta hesabına, həm də ödənişli əsasda onlara göstərilən tibbi xidmətlər, əlavə olaraq digər dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına göstərilən xidmətlər barədə məlumatlara bir məkandan çıxış imkanı qazanıblar.
Yeni xidmətlərin istifadəsi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
“Ailə həkimim” məlumatları üzrə istifadə qaydası:
· “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
· “Ailə həkimim” seçilir.
· Məlumatlarla tanış olunur.
Bu funksionallıq vasitəsilə vətəndaşlar qeydiyyatda olduqları ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsindəki ailə həkimi barədə məlumatları rahatlıqla əldə edə bilirlər.
“Həkim müraciətlərim” məlumatları üzrə istifadə qaydası:
· “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
· “Həkim müraciətlərim” seçilir.
Burada vətəndaşlar həkimə etdiyi müraciətlər, qoyulmuş diaqnozlar və göstərilən tibbi xidmətlərlə bağlı məlumatlarla tanış ola bilirlər.
“Laborator analiz nəticələrim” məlumatları üzrə istifadə qaydası:
· “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
· “Laborator analiz nəticələrim” seçilir.
· Məlumatlarla tanış olunur.
Bu yeniliklər vətəndaşlara vaxt və resurslarına qənaət etməyə, eyni zamanda tibbi məlumatlara daha sürətli və rahat çıxış imkanı əldə etməyə xidmət edir.