Elman Nəsirov: “İşğaldan zad olunmuş ərazilərimizdən dünyaya sülh və əmin-amanlıq mesajları ötürülür”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib və çıxış edib”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Onun çıxışında səsləndirdiyi fikirlər forma, məzmun və mahiyyət baxımından qlobal əhəmiyyət kəsb edir. Bu fikirlər həm Azərbaycanla, həm də ölkəmizin hüdudlarından kənarda baş verən proseslərlə birbaşa bağlıdır. Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi həll ediləcək vəzifələrin qloballığını özündə əks etdirirdi. Azərbaycan bu tədbiri keçirməklə, əslində, qlobal Cənub və qlobal Şimal arasında bir körpü rolunu oynadı. Nəzərə alsaq ki, bu gün inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan dövlətlər arasında bir etimadsızlıq mühiti hökm sürür, bu reallıqda Azərbaycanın atdığı addımlar, heç şübhəsiz ki, qeyd edilən problemlərin aradan qaldırılmasına xidmət göstərir. Prezident vurğuladı ki, bu tədbirə dünyanın 197 ölkəsindən 77 min iştirakçı qatılmışdı və 70 dövlət başçısı iştirak edirdi”.
“Burada ən mühüm nəticələrdən biri o oldu ki, karbon bazarları ilə bağlı 6-cı bənd üzrə razılaşma əldə edildi”, – deyə o, fikrini davam etdirib.
“Son 10 il ərzində bu məsələ müzakirə olunsa da, heç bir razılaşma əldə edilməmişdi. Bu, doğrudan da Azərbaycanın tarixi nailiyyətidir. Eyni zamanda, digər mühüm nəticələrdən biri də iqlim dəyişiklikləri problemlərinin həlli ilə bağlı maliyyə ödənişlərinin həcminin 3 dəfə artırılması oldu. Bu, olduqca yüksək nəticədir. Əgər COP30, COP31, COP32 və digər sonrakı mühüm tədbirlər çərçivəsində bu rəqəmdə yenidən artım müşahidə olunarsa, sözün həqiqi mənasında iqlim dəyişikliklərinin həllinə böyük töhfə verilmiş olacaq. Azərbaycan COP29 tədbiri çərçivəsində üzərinə götürdüyü öhdəliyi ləyaqətlə yerinə yetirdi və eyni zamanda nümunə göstərdi. Azərbaycanın 10-dan artıq təşəbbüsü qəbul olundu. Bütün bunlar onu göstərir ki, Azərbaycan böyük dövlət olmasa da, sözünün çəkisi və mənası böyükdür”.
Elman Nəsirov Prezidentin “Yaşıl enerji” strategiyası, qlobal təhlükəsizlik, Çin və ABŞ ilə münasibətlərə dair fikirlərinə də diqqət çəkib.
“COP29 tədbirinin Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Ölkəmiz “Yaşıl enerji” strategiyasını uğurla həyata keçirir. 2030-cu ilədək imzalanmış sənədlər 6 giqavatdan artıq “yaşıl enerji”nin istehsalını nəzərdə tutur. Bu, çox yüksək göstəricidir. Bu enerji həm günəş, həm külək, həm də su elektrik stansiyalarının hesabına əldə ediləcək”.
Deputat əlavə edib ki, Prezident çıxışında Zəngəzur dəhlizi ilə bağlı məqamlara da toxunub:
“Bu dəhlizin istifadəyə verilməsi ilə yükdaşıma həcminin 15 milyon tona çatdırılması hədəflənir”.
“Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumundakı çıxışında dünyanın aparıcı dövlətləri ilə münasibətlərə də toxunub. Dövlət başçısı bildirib ki, Çin ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. İmzalanmış iki mühüm sənəd əsasında Bakı–Pekin münasibətlərinin inkişafı üçün yol xəritəsi müəyyən edilib.
Birləşmiş Ştatlarla münasibətlər də diqqət mərkəzində saxlanılıb. Prezident qeyd edib ki, Bayden administrasiyası dövründə bu münasibətlərdə müəyyən ziddiyyətlər və gərginliklər yaşansa da, Tramp praqmatik siyasətçidir. Onun həm birinci, həm də indiki hakimiyyəti dövründə Azərbaycan–ABŞ münasibətləri dinamik inkişaf edib. Fundamental məsələlərdə tərəflərin mövqeləri tamamilə üst-üstə düşür”.
E.Nəsirov Forumun Şuşada keçirilməsinin rəmzi əhəmiyyət daşıdığını vurğulayıb:
“Artıq üçüncü dəfədir ki, bu cür beynəlxalq tədbir Şuşada keçirilir. Bu fakt bir daha təsdiqləyir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, azad edilmiş ərazilərdən bütün dünyaya sülh və əmin-amanlıq mesajları ötürülür”.
Deputat əlavə edib ki, Forum çərçivəsində Ermənistan–Azərbaycan münasibətlərindəki cari vəziyyət və sülh müqaviləsinin perspektivləri də müzakirə olunub. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan hər zaman sülh prosesinə sadiq olub. “Biz çox istərdik ki, regionda uzunmüddətli və dayanıqlı sülh bərqərar olsun”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, III Şuşa Qlobal Media Forumu 19–21 iyul tarixlərində keçirilib. Tədbirin birinci günündə Prezident İlham Əliyev Forum iştirakçıları ilə görüşüb, yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.