Metroda doğulan uşağa metrodan ödənişsiz istifadə imkanı yaradılacaq

“Bu gün Bakı metropoliteninin tarixində unudulmaz bir hadisə baş verib”.
1news.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
“Bakı metrosunda ilk dəfə səhər saatlarında – təxminən 07:40 radələrində – “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib. Stansiya əməkdaşlarımızın çevik reaksiyası və peşəkar yanaşması sayəsində qadına dərhal ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası zəruri müdaxilə edib və ana ilə körpə saat 08:06-da xəstəxanaya yola salınıblar. Bu hadisə bir daha sübut etdi ki, Bakı metropoliteninin kollektivi təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlıdır. Dünya təcrübəsində bu kimi hallar az da olsa qeydə alınır. Hər zaman əsas olan insan həyatıdır və bu baxımdan biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik".
A.Zamanov həmçinin bildirib ki, yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq.
“Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək" – deyə o, fikirlərinə əlavə edib.