Li Auto üçün həqiqət anı: yanan elektromobil, zərərlər və strateji qeyri-müəyyənlik - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Li Auto üçün həqiqət anı: yanan elektromobil, zərərlər və strateji qeyri-müəyyənlik - FOTO - VİDEO

10:15 - Bu gün
Li Auto üçün həqiqət anı: yanan elektromobil, zərərlər və strateji qeyri-müəyyənlik - FOTO - VİDEO

Flaqman modelin yanması nadir hallarda sadəcə texniki insident olaraq qalır.

"Li Auto" üçün — bir zamanlar "Li L9" modelinin uğuru və elektromobil bazarında intizamlı oyunçu imici ilə tanınan şirkət üçün — MEGA modelinin iştirakı ilə baş verən yanğın daha dərin gərginliyin simvoluna çevrildi, maliyyə təzyiqini və strateji qeyri-müəyyənliyi açıq şəkildə üzə çıxardı.

Ətraflı materialda.

"Li Auto" şirkəti öz reputasiyasını “fərqli olmaq” vədi üzərində qurmuşdu — elektromobil bazarındakı əksər rəqiblərlə müqayisədə daha ehtiyatlı, daha intizamlı və daha etibarlı olmaq iddiası ilə.

Bu reputasiyanı inandırıcı edən məhz Li L9 modeli oldu. O, şirkət üçün sıçrayış nöqtəsinə çevrildi və "Li Auto"-nu son dərəcə rəqabətli Çin avtomobil bazarında nadir hallarda rast gəlinən gəlirli oyunçulardan birinə çevirdi.

Fotoda: "Li L9" avtomobili

Bu gün isə həmin imic ciddi təzyiq altındadır. Aktiv şəkildə təşviq edilən tam elektrikli "Li MEGA" modelinin iştirakı ilə baş verən yanğından sonra, satışların azalması və zərərlərin ortaya çıxması fonunda əsas sual artıq "Li Auto"-nun uğura necə nail olması deyil, onun bazarın etimadını hələ də doğrulda bilib-bilməməsidir.

Videoda: "Li MEGA" avtomobili, Şanxay, Çin (23 oktyabr 2025-ci il)

Təmkin üzərində qurulmuş reputasiya

"Li Auto" cəsarətli mərclər və ya radikal eksperimentlər hesabına böyüməyib. Onun strategiyasının əsasında təmkin dayanırdı. Şirkət rəqiblərin sürətlə tam elektrikli modellərə keçdiyi bir dövrdə uzadılmış yürüş məsafəsinə malik hibrid avtomobillərə (extended-range EV) üstünlük verərək öz nişini formalaşdırdı.

"Li L9" bu məntiqin təcəssümü idi: kifayət qədər geniş, ailə yönümlü SUV modeli kimi, az inkişaf etmiş enerji doldurma infrastrukturundan asılı olmadan məkan, texnologiya və etibarlılıq təklif edirdi. Bir neçə il ərzində bu formula uğurla işləyirdi. Li L9 brendə etimad, kommersiya intizamı və — həddindən artıq vədlərlə tanınan bir sənayedə — rəsmi hörmət qazandırdı.

Məhz bu səbəbdən son hadisələr təkcə ayrıca texniki insident kimi deyil, daha geniş kontekstdə əhəmiyyət daşıdı.

Texniki insidentin strateji siqnala çevrildiyi an

"Li MEGA" avtomobilinin yanmasını əks etdirən videoyazılar sürətlə internetdə yayıldı və bu, "Li Auto" üçün ən əlverişsiz anda ciddi ictimai diqqətə səbəb oldu. Xəsarət alan olmasa da, şirkət operativ şəkildə vəziyyətin idarə olunmasına başladı. Bununla belə, insident son dərəcə həssas idi.

Bir neçə həftə sonra "Li Auto" potensial yanğın riski ilə əlaqəli soyutma sistemi qüsuru səbəbindən 11 mindən çox "MEGA" avtomobilinin geri çağırıldığını elan etdi. Şirkətin tam elektrikli avtomobillərə keçidində texnoloji mərhələ kimi təqdim edilən model üçün bu, problemin bahalı və açıq etirafı oldu.

Böhranı müəyyən edən amil yanğının özü deyil, onun baş verdiyi vaxt idi.

Fotoda: "Li MEGA" avtomobili, Şanxay, Çin (23 oktyabr 2025-ci il)

Gəlirlilikdən zərərlərə

Maliyyə nəticələri özünü tez göstərdi. Üçüncü rübün yekunlarına görə "Li Auto" 624 milyon yuan (təxminən 88,5 milyon ABŞ dolları) məbləğində xalis zərər açıqladı — bu, təxminən üç il davam edən fasiləsiz gəlirlilikdən sonra ilk rüblük zərər idi.

İllik müqayisədə gəlirlər kəskin azaldı, tədarüklər təxminən 40% aşağı düşdü, ümumi marja pisləşdi. Rəhbərlik bunu geri çağırma ilə bağlı xərclərlə izah etsə də, rəqəmlər daha dərin problemi — Çin kimi əsas bazarda tələbin zəifləməsini və artım dinamikasının itirilməsini göstərirdi.

Söhbət ümumilikdə dayanıqlı trayektoriyada olan müvəqqəti geriləmədən deyil, daha əvvəl qurulmuş sabit və intizamlı inkişaf narrativində ciddi qırılmadan gedirdi.

Tam elektrikli modellərə keçidin çətinliyi

Uzun illər ərzində "Li Auto"-nun extended-range "EV" strategiyası şirkəti tam elektrikli avtomobil istehsalçılarının üzləşdiyi bir sıra problemlərdən qoruyurdu. Lakin bazar dəyişir. Çinin əsas şəhərlərində — "Li Auto" üçün əsas bazarda — gündəmi artıq tam elektrikli avtomobillər müəyyənləşdirir, dövlət dəstəyinin əsas hissəsini onlar alır və istehlakçı gözləntilərinə daha çox cavab verirlər. "Li Auto"-nun bu seqmentə keçidi isə bərabərsiz və çətin oldu.

Şirkətin texnoloji yetkinliyinin nümayişi kimi nəzərdə tutulan "MEGA" modeli elə ilk mərhələdən problemlərlə üzləşdi. Onun dizaynı genişmiqyaslı onlayn tənqid və istehza obyektinə çevrildi, qiymət mövqeləndirilməsi səhvlərə minimum yer buraxırdı, ilkin satışlar isə gözləntiləri doğrultmadı.

Fotoda: "Li Mega" avtomobili

Eyni zamanda rəqiblər — XPeng və NIO da daxil olmaqla — həmin dövrdə tədarük həcmlərində artım nümayiş etdirərək Li Auto-nun rəqabət tempini itirdiyini açıq şəkildə göstərdilər.

Etibar kreditini itirmiş brend?

Əlavə təzyiqi strateji qeyri-ardıcıllıq yaratdı. Son bir il ərzində Li Auto bir neçə dəfə idarəetmə modelini dəyişib — əvvəlcə peşəkar menecment strukturunu sınaqdan keçirib, daha sonra isə yenidən daha mərkəzləşdirilmiş, təsisçi yönümlü formata qayıdıb.

Ali rəhbərlikdə baş verən kadr dəyişiklikləri, eləcə də şirkətin təsisçisi Li Syanın açıqlamalarda və investorlarla kommunikasiyalarda səhvləri açıq şəkildə etiraf etməsi kritik bir mərhələdə istiqamət axtarışının uğursuz getdiyi təəssüratını daha da gücləndirdi.

Şübhəsiz ki, söhbət qaçılmaz çöküşdən getmir. Li Auto maliyyə baxımından dayanıqlığını qoruyur, brend tanınmış olaraq qalır və genişləndirilmiş yürüş məsafəsinə malik modellərin uğur dövründə formalaşmış sadiq müştəri bazasına söykənir.
Lakin bazar artıq etibar avansı verməyə hazır deyil. Etibarın bir növ valyuta olduğu bu sənayedə ləngimənin qiyməti olduqca bahadır.

Şirkətin əvvəlki imici ilə indiki vəziyyəti arasındakı kontrast xüsusilə nəzərə çarpır. Li Auto özünü xaotik sənayedə nizam-intizamlı icranın nümunəsi — sensasiyaların arxasınca qaçan rəqiblər fonunda “yetkin” oyunçu kimi təqdim edirdi. Bu gün isə şirkət flaqman modelinin geri çağırılmasını izah edir, zərərlər qeydə alır və rəqiblərin irəli çıxdığını müşahidə edir.

Fotoda: Çin Xalq Respublikasının Sıçuan əyalətində yanmış Li ONE avtomobili (avqust 2023)

Çin hüdudlarından kənarda fəaliyyət göstərən regional bazarlar və tərəfdaşlar üçün də bu proseslər əhəmiyyət kəsb edir. Qərargah səviyyəsindəki strateji qeyri-müəyyənlik qaçılmaz olaraq brendə olan etibara xarici bazarlarda da təsir göstərir. Daxili bazarda təzyiq altında olan şirkət üçün xaricə inam ötürmək daha çətindir.

Bu gün Li Auto-nun problemi artıq təkcə texniki və ya dövri xarakter daşımır. O, daha sakit, lakin bir o qədər də təhlükəli mənada ekzistensial xarakter alır: ehtiyatlılıq üzərində qurulmuş brendi olan şirkət sürəti, aydınlığı və qətiyyəti mükafatlandıran bazara kifayət qədər tez uyğunlaşa biləcəkmi?

Bu sualın cavabı hələlik açıq qalır. Ancaq bir məqam aydındır: MEGA ilə bağlı epizod Li Auto ətrafında formalaşmış əvvəlki “komfortlu” narrativi dağıtdı.
Artıq şirkət Li L9 ilə əldə etdiyi nailiyyətlərə görə deyil, öz strateji fərziyyələrinin sınağına necə reaksiya verdiyinə görə qiymətləndirilir.

Riskdən yayınması ilə tanınan bir brend üçün bu, ən çətin sınaq ola bilər.

Andretti
Xüsusi olaraq 1news.az üçün

Yazını başqa dillərlərdə də oxuya bilərsiniz:

Li Auto’s Moment of Reckoning: a Burned EV, Losses, and Strategic Uncertainty - FOTO - VIDEO

Момент истины для Li Auto: сгоревший электромобиль, убытки и стратегическая неопределенность - ФОТО - ВИДЕО

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər